Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı, Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev - müasir Azərbaycanın memarı” mövzusunda dəyirmi masa keçirilib.Əvvəlcə Ulu Öndərin Lökbatan qəsəbəsi Heydər Əliyev parkında ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin xatirəsi ehtiramla anılıb.
Sonra Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik fəaliyyətindən bəhs edən kitab sərgisi, eləcə də 7 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəallarının əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən bəhs edən “Heydər Əliyev - müasir Azərbaycanın memarı” adlı videoçarx nümayiş olunub.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, AMEA-nın Tarix və Etnologiya İnstitutunun əməkdaşı Günel Mehdizadə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Salman Salmanov çıxış ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik salnaməsində zəngin irs yaratdığı qeyd olunub. Vurğulanıb ki, Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrlər şanlı tariximizə davamlı və hərtərəfli inkişaf mərhələləri kimi yazılıb.
Qeyd olunub ki, Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə tarixi əhəmiyyətli nailiyyətlərə imza ataraq yeni Azərbaycanın qüdrətinin daha da artmasına müstəsna töhfələr verir.
Sonra şəhid Elxan Həsənov adına 139 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.