“Təhsilin əsas hədəfi müstəqil və yaradıcı vətəndaş, kamil şəxsiyyət yetişdirməkdir. Əslində, İslam dininin də məqsədi insandır. Din insanı ibadət və təqva yolu ilə formalaşdırır, məzhəb isə bu prosesi düşüncə üzərindən təşkil edir. Azərbaycanda bu mövzuların açıq şəkildə müzakirə olunması mümkündür və bu da ölkəmizin dünyəvi dövlət olmasının ən böyük üstünlüklərindən biridir". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.Deputat bildirib ki, dünyəvi dövlət modeli dini məsələlərin azad və sağlam şəkildə müzakirəsinə imkan yaradır: “Dinin sərbəst müzakirə olunduğu, dini düşüncənin doğruluğu və yanlışlığının açıq şəkildə dəyərləndirildiyi mühit yalnız dünyəvi dövlətdə mümkündür. Dini dövlətlərdə isə bu cür müzakirələrə çox zaman məhdudiyyətlər qoyulur".Fazil Mustafa düşüncə ilə dünyagörüşü arasındakı fərqə də toxunub: “Düşüncə dəyişkəndir, zamanla yenilənə bilər. Dünyagörüşü isə artıq sabitləşmiş, oturuşmuş düşüncə formasıdır. Bizim dini dünyagörüşümüzdə əsas problemlərdən biri dünya həyatı ilə düzgün uzlaşmanın qurula bilməməsidir".O qeyd edib ki, dünya tarixində bir çox tanınmış mütəfəkkirlər dini düşüncənin yenidən təhlilinə xüsusi önəm veriblər: “Məhəmməd İqbal, Şəriət və Məhəmməd Əmin Rəsulzadə kimi şəxsiyyətlər dini düşüncənin yenidən dəyərləndirilməsi üçün ciddi səylər göstəriblər. Təqdirəlayiq haldır ki, dini düşüncənin doğru anlaşılması ilə bağlı ən əhəmiyyətli əsərlərdən biri Azərbaycan mütəfəkkiri Əhməd Əvəzoğluna məxsusdur. O, ‘Üç mədəniyyət’ əsərində mədəniyyəti yalnız texniki tərəfdən deyil, bütöv şəkildə dərk etməyin vacibliyini vurğulayırdı".Deputat vurğulayıb ki, mədəniyyət yalnız duyğu və dini təcrübə üzərində deyil, bilik əsaslı olmalıdır: “Məzhəbin, eləcə də İslamın əsas vəzifəsi belə bir mədəniyyətin formalaşmasına töhfə verməkdir. Dinin şəxsi həyat çərçivəsində qorunması şərti ilə, dünya işlərində və dünyanın dərkində mütləq elmi və praktik yol seçilməlidir”.Fazil Mustafa bu cür konfransların əhəmiyyətini xüsusi qeyd edib: “Bu mövzular ətrafında aparılan müzakirələri yüksək qiymətləndirirəm. Dini Pamirənin nəzəri və praktik məsələlərin müzakirəsinə verdiyi töhfə təqdirəlayiqdir. Eyni zamanda, burada iştirak edən müəllimlərin də bu sahədə daha hazırlıqlı olması son dərəcə vacibdir".
Müəllif: Günel Fərzəliyeva