Azərbaycan kosmik sahədə beynəlxalq sazişə qoşulur. SİA xəbər verir ki, Milli Məclisdə “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov təqdim edib. O bildirib ki, son illər Azərbaycanda kosmik fəaliyyətin hüquqi və institusional əsaslarının formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu baxımdan “Kosmik Fəaliyyət haqqında” qanunun qəbul edilməsi və beynəlxalq sazişlərə qoşulma ölkənin kosmik sahədə risklərin idarə olunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətlidir.Komitə üzvü qeyd edib ki, Azərbaycanın kosmik sahədə artan fəallığı beynəlxalq miqyasda da diqqət çəkir. Xüsusilə Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresi ölkənin elmi-texnoloji potensialının nümayişi baxımından mühüm platforma olub. Onun sözlərinə görə, yeni beynəlxalq sazişlərə qoşulmaq Azərbaycanın kosmik fəaliyyətdə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirəcək.Zaur Şükürov vurğulayıb ki, təqdim olunan saziş kosmonavtların təhlükəsizliyinin təmin edilməsi, kosmik obyektlərin geri qaytarılması və bu sahədə beynəlxalq hüquqi mexanizmlərin tətbiqini nəzərdə tutur. Sənədin qəbul edilməsi Azərbaycanın kosmik hüquq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir.Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
Müəllif: Günel Fərzəliyeva