"Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında imzalanan Sərəncam bu qurumun institusional möhkəmlənməsi baxımından mühüm siyasi və idarəetmə əhəmiyyəti daşıyır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.Onun sözlərinə görə, bu addım ilk növbədə FHN-in dövlət təhlükəsizlik sistemində tutduğu yerin daha da gücləndiyini və fövqəladə halların idarə olunmasının strateji prioritet kimi qiymətləndirildiyini göstərir: "Ali rütbələrin verilməsi qurum daxilində intizamın, məsuliyyət hissinin və peşəkarlığın artmasına müsbət təsir göstərə bilər. Rütbə sistemi idarəetmədə iyerarxiyanı daha aydın edir, qərarların operativ qəbulunu sürətləndirir və fövqəladə hallara çevik reaksiya imkanlarını genişləndirir. Xüsusilə böhran anlarında vahid komanda prinsipinin güclənməsi insan itkilərinin və maddi zərərin minimuma endirilməsində mühüm rol oynayır.Siyasi baxımdan bu Sərəncam dövlətin fövqəladə hallara hazırlıq səviyyəsini artırmaq niyyətinin açıq göstəricisidir. Regionda və dünyada artan təbii fəlakətlər, texnogen risklər və təhlükəsizlik çağırışları fonunda FHN-in daha peşəkar və institusional baxımdan güclü olması dövlətin ümumi təhlükəsizlik strategiyasına xidmət edir. Eyni zamanda, bu cür qərarlar beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycanın fövqəladə halların idarə olunması sahəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. FHN əməkdaşlarına ali rütbələrin verilməsi təkcə kadrların motivasiyasını artıran addım deyil, həm də fövqəladə hallara hazırlığın sistemli şəkildə gücləndirilməsinə yönəlmiş strateji qərar kimi qiymətləndirilməlidir".
Müəllif: Ziya Hikmətoğlu