Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində yerli təşkilatın fəaliyyətində fəallığı ilə seçilən gənclərlə səhər yeməyi formatında görüş təşkil edilib.
Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov gənclərin partiyanın yerli təşkilatının fəaliyyətində oynadığı mühüm roldan bəhs edib, onların ictimai-siyasi proseslərdə fəal iştirakının əhəmiyyətini vurğulayıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının sosial media üzrə nümayəndələri Rəsul Səlimzadə və Rəna Süleymanlı çıxış edərək partiyanın ümumi fəaliyyətində yaxından iştirak edən gənclərə göstərdikləri fəallığa görə təşəkkürünü bildirib.
Görüş zamanı çıxış edən gənclər Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının cəmiyyətdə yüksək etimad qazandığını qeyd ediblər. Onlar YAP sıralarında təmsil olunan gənclərin milli tərəqqiyə mühüm töhfələr verdiyini və gələcəkdə də bu missiyanı layiqincə davam etdirəcəklərinə əmin olduqlarını bildiriblər.