Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə aparılan cinayət işi üzrə yeni-yeni diqqətçəkən məqamlar üzə çıxır. Bəlli olur ki, Ramiz Mehdiyev və dəstəsi öz məkrli planlarını həyata keçirmək üçün geniş şəbəkə qurublar. Hansı ki, bu şəbəkənin iplərinin bir ucu Azərbaycandan başlayırsa, digər ucları Rusiyada, Avropanın müxtəlif mərkəzlərində mövcuddur. Bəlkə də dərin araşdırmalar aparılsa, o zaman məlum olacaq ki, Ramiz Mehdiyevin şəbəkəsi fars-molla rejimi, eləcə də ABŞ-ın müxtəlif dairələri ilə də əlaqələri, əməkdaşlıq münasibətləri olub. Çünki bu məxluqlar böyük zəhmət, qətiyyətli siyasət nəticəsində qurulan, dünyanın aparıcı dövlətlərindən birinə çevrilən Azərbaycanı dağıtmaq və yenidən ötən əsrin 90-cı illərində ki, acınacaqlı vəziyyətə salmaq üçün hər cür məkrli qüvvələrin, yaramaz ünsürlərin imkanlarından istifadə etməkdən çəkinməzlər. Nəzərə almaq lazımdır ki, Ramiz Mehdiyevin dəstəsinin sevimli üzvlərindən olan Müsavatın keçmiş başqanı Arif Hacılı 1992-ci il də AXC-Müsavat cütlüyü hakimiyyətə gələn zaman utanıb çəkinmədən bəyan edirdi ki, “biz 9 ölkənin razılığı ilə hakimiyyətə gəlmişik, bu baxımdan heç bir qüvvə bizi devirə bilməz”. Lakin “el gücü sel gücüdür” məsəlinə uyğun olaraq xalqın gücü və birliyi 9 ölkənin razılığı ilə formalaşan AXC-Müsavat iqtidarını tarixin zibilliyinə atdı. Onların viranə etdikləri, xarabazarlıqlara çevirdikləri Azərbaycanı yenidən qurmaq çətin olsa da Azərbaycan xalqı, Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə qarşı qoyulan bütün vəzifələrə nail olundu, Azərbaycan addım-addım çətinliklərini dəf edib, güclü və qüdrətli dövlətə çevrildi. Ramiz Mehdiyev və dəstəsi də AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlmək planından istifadə etməyə çalışıb. Ona görə Avropanın, fars-molla rejiminin, eləcə də Rusiyanın məkrli dairələri ilə geniş əlaqələr qurublar.
Cinayətkar şəbəkənin əsas icraçıları sırasında Abbas Abbasov xüsusilə seçilir
Rusiya, Avropa mərkəzləri, fars-molla rejiminin əmmaməli mollaları özləri birbaşa proseslərin içində olmayıblar, sadəcə maliyyə və mənəvi dəstək göstəriblər. Məkrli ssenarinin reallaşması işində sapı özümüzdən olan baltalardan istifadə edilib. Hansı ki, onların böyük əksəriyyəti Azərbaycanın yüksək vəzifələrində təmsil olunublar. Eldar Mahmudov adi “uçaskovı” olduğu halda Milli Təhlükəsizlik naziri, Abbas Abbasov toyuq-cücə bəsləyən fermerlikdən Baş nazirin birinci müavini, Əli Həsənov qapançı “vəzifə”sindən Prezident Administrasiyasının şöbə müdiri, Əbülfəs Qarayev balıqçı peşəsindən Mədəniyyət naziri, Gültəkin Hacıbəyli müəllimlikdən Milli Məclisin deputatı, Azər Qasımov AXCP-nin gənclər təşkilatının trolluğundan Prezidentin Mətbuat Xidmətinin rəhbəri vəzifələrinə yüksəlmişlər. Elə ki, vəzifələrindən kənarlaşdırılıblar, dönüb əfi ilana çevriliblər. Hikkə, iddia onları yenidən ”revanşist” əhvali-ruhiyyəyə sövq edib.
Araşdırmalarla təsdiq olunur ki, Ramiz Mehdiyevin dəstəsinin üzvlərinin hər birinə ayrı-ayrılıqda görəcəkləri işlər tapşırılıb. Əsas işlərdən birində Rusiyada gizlənən Abbas Abbasova həvalə olunduğu bildirilir. Artıq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib. Onun ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Əldə edilən məlumatlara əsasən, Ramiz Mehdiyev, Əli Kərimli, Eldar Mahmudov, Abbas Abbasov və digərləri, eləcə də təşkilatlar arasında sövdələşməyə uyğun olaraq Azərbaycana müxtəlif kanallarla köçürülmüş pul vəsaitləri, həmin vaxt bu sövdələşmələrə və proses iştirakçılarına olunan vədlərə dair audio-video yazılar, ölkə xaricində baş tutmuş görüşlərə, Azərbaycanda konstitusion dövlət hakimiyyətini zorakı yolla ələ keçirmə planlarına dair sair materiallar cinayət işinə əlavə edilib və açıq məhkəmə baxışında geniş ictimailəşdiriləcək.
Qanundan gizlənmək mümkün deyil
A.Abbasov 1992-ci ildən Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində vəzifə səlahiyyətlərindən istifadə etməklə özünə böyük var-dövlət toplayıb. Məhz bu və digər əməllərinə görə o, 2006-cı ildə tutduğu vəzifədən azad edilib. Bundan sonra biznesinin əsas hissəsinin cəmləndiyi Rusiyaya köçüb. Azərbaycanda maraqlarını təmin etmək üçün himayədarı Ramiz Mehdiyevlə geniş əlaqələr qurub, ondan məsləhətlər alıb. Planlarının bir hissəsi olaraq Azərbaycanın dağıdıcı müxalifəti, xüsusilə də AXCP sədri Əli Kərimli ilə münasibətlər yaradıb. Münasibətlərin qurulmasında Ramiz Mehdiyevin evlər, maşınlar bağışladığı Milli Şuranın üzvü Gültəkin Hacıbəyli mühüm rol oynayıb. Məhz Gültəkin Hacıbəylinin vasitəçiliyi ilə Əli Kərimli ilə Abbas Abbasov bir neçə dəfə vatçap üzərindən danışıb, sövdələşmələr aparıblar. Azərbaycanda 2013-cü ildə Əli Kərimli ilə Abbas Abbasovun razılığı əsasında Milli Şura yaradılıb. Rüstəm İbrahimbəyovun Milli Şuranın rəhbəri və prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsini də Kremldən gələn sifariş əsasında Abbas Abbasov irəli sürüb və Ramiz Mehdiyevin tələbinə əsasən Ə.Kərimli dəstəkləyib. Rüstəm İbrahimbəyov layihəsi baş tutmadıqdan sonra razılaşma əsasında günah keçisi olaraq Cəmil Həsənli Milli Şuranın sədri və dağıdıcı müxalifət adından prezidentliyə namizədliyi irəli sürüldü. Nəticə isə gözlənildiyi kimi A.Abbasovun, Ramiz Mehdiyevin, Əli Kərimlinin və onların arxasında dayanan qüvvələr üçün acınacaqlı oldu. Azərbaycan xalqı dağıdıcı müxalifətə bir faiz belə səs vermədi. Bundan sonra düşünmək olardı ki, Milli Şura arxivə göndəriləcək. Adətən belə olub. DUB, DUH, “Azadlıq” seçki bloku, “Demkonqress” və bu kimi müxalif blok və qurumlar mövsümü yaradılırbvə layihə başa çatdıqdan sonra arxivə göndərilib. Lakin Ramiz Mehdiyevin uzaqlara hesablanan məkrli planı olduğu üçün Milli Şura buraxılmadı. Əksinə ona yeni imic və güc vermək üçün adından tez-tez bəyanatlar səsləndirildi, icazəsiz mitinqlərə cəhdlər göstərildi. Abbas Abbasov isə Rusiyada azərbaycanlıların əsas dəstəkçisi imicini qazanmaq üçün Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət yolu tutdu. Söz yox, özü də anlayır ki, dövlətə qarşı xəyanət edib. Ona görə də, əvvəllər hər ay Azərbaycana gələn Abbas Abbasov 2013-cü ilin əvvəlində “Milli Şura”nın yaradılması məsələsi ortaya çıxan vaxtdan əməllərinə görə ehtiyatlanaraq Azərbaycana gəlmir. Sözsüz ki, o, qanunvericiliyin tələbinə əsasən Azərbaycana gətiriləcək. Birincisi, Rusiya ilə Azərbaycan arasında hüquqi yardım haqqında müqavilə mövcuddur. İkincisi isə, Azərbaycanın gücü və qüdrəti imkan verir ki, cinayət törətmiş şəxs harada gizlənməyindən asılı olmayaraq həbs edilərək məhkəmə qarşısına çıxarılacaq.
İLHAM ƏLİYEV