PDF Oxu

Siyasət

  • 961

Növbəti amnistiya humanizm və hüquqi prinsiplərin təntənəsidir - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı təşəbbüsləri dövlətçilik tariximizdə mühüm mərhələ kimi qiymətləndirilir. Bu çərçivədə irəli sürülən amnistiya təşəbbüsü isə ölkəmizdə hüquqi dövlət quruculuğu, humanizm, ədalət və sosial məsuliyyət prinsiplərinin bariz ifadəsidir.

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi-siyasi əsaslarını müəyyən edən ali hüquqi sənəd olmaqla yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar Konstitusiyanın real həyatda tətbiqini, hüququn aliliyinin möhkəmləndirilməsini və cəmiyyətin rifahının yüksəldilməsini hədəfləyir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın gündəmə gətirilməsi də məhz bu məqsədlərə xidmət edir.

Amnistiya təşəbbüsü dövlətin cəza siyasətində humanist yanaşmanı ön plana çıxarır. Bu addım bir tərəfdən cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin islah olunmasına stimul yaradır, digər tərəfdən isə onların cəmiyyətə reinteqrasiyasına şərait formalaşdırır. Xüsusilə ilk dəfə az ağır və ya ağır olmayan cinayətlər törətmiş şəxslərin, sosial həssas qruplara aid məhkumların amnistiya aktı ilə azadlığa buraxılması dövlətin insana verdiyi dəyərin göstəricisidir.

Möhtərəm Prezidentimizin amnistiya təşəbbüsü həm də Azərbaycan dövlətinin güclü və suveren mövqeyinin ifadəsidir. Tam bərpa olunmuş ərazi bütövlüyü və dövlət suverenliyi şəraitində həyata keçirilən bu təşəbbüs göstərir ki, Azərbaycan yalnız hərbi-siyasi gücü ilə deyil, eyni zamanda hüquqi və mənəvi üstünlükləri ilə də regionda nümunəvi dövlətdir. Dövlət güclü olduqda bağışlamağı bacarır və bu, yüksək siyasi mədəniyyətin göstəricisidir.

Amnistiya aktları Azərbaycanda artıq davamlı hüquqi ənənəyə çevrilib. Son illərdə qəbul edilən əfv və amnistiya qərarları minlərlə ailənin sevincinə səbəb olmuş, cəmiyyətdə sosial həmrəyliyi və dövlətə inamı daha da gücləndirmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürülən amnistiya təşəbbüsü də bu humanist siyasətin davamı olaraq tarixə düşəcək.

Nəticə etibarilə, Prezident İlham Əliyevin amnistiyanın elan edilməsi ilə bağlı təşəbbüsü Konstitusiyanın ruhuna, müstəqil və suveren Azərbaycan dövlətinin dəyərlərinə tam uyğun olmaqla yanaşı, cəmiyyətdə ədalət, mərhəmət və hüquqa hörmət anlayışlarını daha da möhkəmləndirir.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər