Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.
Prezident İlham Əliyev tərəfindən hər il mütəmadi olaraq imzalanan Əfv fərmanları yüzlərlə insanın məhbus həyatına son qoyur, onların cəmiyyətə reinteqrasiyasına, həyatlarında yeni və təmiz səhifə açmalarına real imkan yaradır. Bununla yanaşı, Azərbaycanda vaxtaşırı qəbul edilən Amnistiya aktları humanizm və mərhəmət siyasətinin daha geniş miqyasda təzahürüdür. Qeyd etmək lazımdır ki, həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva amnistiya təşəbbüsləri ilə çıxış edərək bu ənənənin davamlılığını təmin ediblər.Növbəti belə mühüm təşəbbüs Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması ilə bağlı irəli sürülüb. Bu təşəbbüs dərin siyasi, hüquqi və mənəvi məzmun daşıyır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti quruldu və möhkəmləndi. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırdı. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı nəticəsində Vətən müharibəsində tarixi Zəfər qazanıldı, 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi. Konstitusiyanın ali hüquqi qüvvəsinin Azərbaycanın bütün ərazilərində təmin olunması xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, mülki əhaliyə qarşı hərbi təxribatlar nəticəsində əlil olmuş şəxslər, qadınlar, 60 yaşdan yuxarı şəxslər, yetkinlik yaşına çatmayanlar və digər kateqoriyadan olan şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad olunması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən bu Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin sayına görə ölkə tarixində ən genişmiqyaslı amnistiyalardan biri olacağı ehtimal edilir. İlkin proqnozlara görə, sənəd ümumilikdə 20 mindən çox şəxsi əhatə edə bilər.Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi humanist siyasətin məntiqi nəticəsi və təntənəsidir. Demokratik dəyərlərin əsas meyarlarından biri olan insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi önəm verən Azərbaycan dövləti cəmiyyətdə humanizm ənənələrinin formalaşmasına və möhkəmlənməsinə daim həssaslıqla yanaşır.
Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu siyasətin ardıcıllığını və strateji mahiyyətini bir daha təsdiqləyir. Mərhəmət və insanpərvərlik dövlət başçısının ali amalı, siyasi fəaliyyətinin mənəvi əsasını təşkil edir.Bu reallıq bir daha sübut edir ki, Prezident İlham Əliyev humanizm prinsiplərini rəhbər tutaraq Azərbaycanı davamlı inkişaf və güclənmə yolunda inamla irəli aparır.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı