Azərbaycan dövlətçiliyinin otuz ildən artıq müddətdə taleyi dahi və uzaqgörən şəxsiyyət, xalqını, vətənini canından artıq sevən Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından şərəflə çıxaraq sürətli inkişaf yoluna qədəm qoyub.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğunda, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda da mühüm işlər görülüb. Onun apardığı humanist siyasət nəticəsində ölkəmizdə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə əfv və amnistiya institutlarının bərpa olunaraq tətbiqinə başlanılması da onun humanist siyasətinin növbəti təntənəsi olmuşdur. O vaxtdan Prezidentin müstəsna səlahiyyətlərinə aid olan əfv, habelə amnistiya aktlarının imzalanması davamlı xarakter almışdır. Belə ki, 1995-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 32 əfv fərmanı, 7 amnistiya aktı imzalanmış, həmin dövrdə on minlərlə məhkum bağışlanaraq azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir.
Ulu Öndərin zəngin dövlətçilik ənənələrinə sədaqət Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, cəzaların humanistləşdirilməsi siyasətində də özünü bariz şəkildə göstərir. Belə ki, 2003-2025-ci illər ərzində Prezident İlham Əliyev 39 əfv fərmanı imzalayıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olarkən irəli sürdüyü təşəbbüs ilə də 2007, 2009, 2013,2016-cı illərdə amnistiya aktı qəbul edilib.
Onu da qeyd edək ki, 2021-ci ildə 8 Noyabr-Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib. Bu siyasət cəmiyyətdə ictimai asayişin və əmin-amanlığın təmin olinmasına, vətəndaşla dövlət arasında münasibətlərin inkişafına böyük töhfə verir.
Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.
Bildiyimiz kimi, xalqımız üçün əlamətdar günlərdə Prezident əfv fərmanı imzalayır. Bu dəfəki Amnistiya aktı isə “Konstitusiya və Suverenlik ili”nin başa çatması ilə əlaqərdır.
15 dekabr 2025-ci ildə Prezident İlham Əliyev ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm qərar qəbul edərək amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının miqyasına görə ölkə tarixində ən geniş amnistiyalardan biri olacağı ehtimalı onun ictimai əhəmiyyətini daha da artırır. On minlərlə insanın taleyinə müsbət təsir göstərəcək bu qərar cəmiyyətdə sosial sabitliyin və inamın möhkəmlənməsinə xidmət edir.
Amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Bu dəfəki amnistiya 20 mindən çox şəxsə şamil ediləcək. Anistiya tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsi iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayanlardır.
Vüqar İsmayılov
Yeni Azərbaycan Partiyasının Xocalı rayon təşkilatının əməkdaşı