Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycan dövlətçiliyinin müasir mərhələsində mühüm siyasi və hüquqi əhəmiyyətə malik hadisədir.Bu qərar Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və ölkənin ərazi bütövlüyü ilə suverenliyinin tam təmin olunması kimi tarixi nailiyyətlərlə birbaşa bağlıdır. Məhz bu mühüm kontekst çərçivəsində Prezident İlham Əliyevin amnistiyanın elan edilməsi təşəbbüsü dövlətin humanist mahiyyətini, hüquqi dövlət prinsiplərinə sadiqliyini və vətəndaş–dövlət münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş siyasi iradəsini nümayiş etdirir.
Konstitusiya hər bir müstəqil dövlətin hüquqi əsaslarını müəyyən edən ali qanundur və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin prioritet istiqaməti kimi təsbit olunub. Suverenlik anlayışı isə dövlətin öz ərazisi üzərində tam hakimiyyətini, daxili və xarici siyasətdə müstəqil qərarvermə hüququnu ifadə edir.
Azərbaycan xalqı 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində bu prinsipləri real məzmunla təmin etmiş, ölkənin bütün ərazisində konstitusiya quruluşu bərpa olunmuşdur. Belə bir şəraitdə amnistiya təşəbbüsü Konstitusiyanın ruhuna və suveren dövlətçilik anlayışına tam uyğun olaraq cəmiyyətdə sosial ədalətin, humanizm və mərhəmət prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir. Amnistiya aktları hüquqi baxımdan cəza siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, eyni zamanda islah və yenidən cəmiyyətə inteqrasiya məqsədi daşıyır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı xüsusilə sosial yönümlü xarakter daşıyır və dövlət qarşısında xüsusi xidmətləri olan, eləcə də sosial baxımdan həssas kateqoriyalara aid şəxslərin əhatə olunmasını nəzərdə tutur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş şəxslərə, şəhid ailə üzvlərinə, müharibə nəticəsində zərər çəkmiş insanlara göstərilən bu diqqət milli həmrəyliyin və dövlət-vətəndaş birliyinin gücləndirilməsinə xidmət edir.
Bununla yanaşı, qadınlar, azyaşlı övladı olan şəxslər, ahıl yaşda olan məhkumlar, cinayəti yetkinlik yaşına çatmamış törətmiş şəxslər və az ağır cinayətlərə görə məhkum edilmiş vətəndaşların amnistiya ilə əhatə olunması cəza siyasətində humanist yanaşmanın üstünlük təşkil etdiyini göstərir.
Azərbaycan dövlətçilik tarixində amnistiya və əfv institutları mühüm yer tutur və bu ənənə xüsusilə ümummilli lider Heydər Əliyevin siyasi xətti ilə möhkəmlənmişdir. Prezident İlham Əliyev bu xətti müasir dövrün reallıqları və çağırışları fonunda uğurla davam etdirərək hüquqi dövlət quruculuğunu yeni mərhələyə yüksəldir.
Amnistiya aktı təkcə hüquqi mexanizm deyil, eyni zamanda cəmiyyətə ünvanlanan siyasi və mənəvi mesajdır ki, dövlət qanunun aliliyini qorumaqla yanaşı, islah olunmaq istəyən vətəndaşa ikinci şans verməyə hazırdır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs Azərbaycan Respublikasının güclü, müstəqil və humanist dövlət kimi inkişaf etdiyini, Konstitusiyanın ali hüquqi sənəd kimi real həyatda tətbiq olunduğunu və suverenliyin yalnız hərbi-siyasi deyil, həm də hüquqi və mənəvi məzmun daşıdığını bir daha təsdiqləyir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin amnistiyanın elan edilməsi təşəbbüsü müasir Azərbaycan cəmiyyətində sosial ədalətin təmin olunmasına, milli birlik və həmrəyliyin möhkəmləndirilməsinə, dövlət-vətəndaş münasibətlərinin daha da sağlam əsaslar üzərində qurulmasına xidmət edən mühüm və tarixi əhəmiyyətə malik addım kimi qiymətləndirilə bilər.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri