YAP Yasamal rayon təşkilatı, Şimali Kipr Türk Cumhuriyyətinin Bakıdakı nümayəndəliyi, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə “Qardaşlığımız əbədidir” adlı rəsm sərgisi təşkil olunub.
Azərbaycan Rəssamlar İttifaqında baş tutan sərgidə YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Şimali Kipr Türk Cumhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, YAP Yasamal rayon təşkilatının, Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Qalereyanın əməkdaşları və müxtəlif yaş qruplarından olan rəssamlar və rayon ictimaiyyəti iştirak edib.
200 nəfərdən çox müxtəlif yaş qrupuna daxil olan rəssamların bir-birindən zəngin əsərlərindən təşkil olunan sərgiyə baxış keçirilib. Sərginin keçirilməsində məqsəd ölkələrarası mədəni əlaqələrin inkişafına dəstək verməkdir.
Rəsm sərgisində Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, Azərbaycan Rəssamlar İttifaqı sədri Fərhad Xəlilov, Şimali Kipr Türk Cumhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev və YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva və çıxış edib. Çıxışlarda bildirilib ki, bu sərgi bir-birindən dəyərli incəsənət nümunələrinin nümayişi olmaqla yanaşı, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında illərdir formalaşmış tarixi, mənəvi və qardaşlıq bağlarının yüksək mədəni müstəvidə parlaq təzahürü kimi dəyərləndirilir. Müxtəlif yaş qruplarını təmsil edən rəssamların əsərlərində hər iki ölkənin zəngin təbiəti, milli ruhu, estetik dünyagörüşü və ortaq dəyərləri böyük peşəkarlıq və incə zövqlə əks olunmuşdur. Bu sənət nümunələri xalqların bir-birinə olan dərin mənəvi yaxınlığını, eyni kökdən qaynaqlanan mədəni yaddaşını və ortaq gələcəyə olan sarsılmaz inamını aydın şəkildə nümayiş etdirir. Belə sərgilər mədəniyyətin və incəsənətin xalqları birləşdirən gücünü bir daha təsdiqləməklə yanaşı, ölkələrarası münasibətlərin möhkəmlənməsinə, xüsusilə də gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına mühüm töhfə verir. Eyni zamanda, incəsənət və mədəni əlaqələr vasitəsilə dostluq, həmrəylik və qarşılıqlı hörmət ideyaları daha geniş auditoriyaya çatdırılır, xalqlar arasında mənəvi körpülər qurulur. Qeyd olunub ki, “Qardaşlığımız əbədidir” adlı sərgi həm iştirakçıların, həm də ziyarətçilərin yaddaşında xoş və unudulmaz təəssüratlar yaradacaq, Azərbaycan–Şimali Kipr Türk Cümhuriyyəti münasibətlərinin mədəni müstəvidə daha da dərinləşməsinə xidmət edəcəkdir. Bu dəyərli təşəbbüsün reallaşmasında əməyi olan təşkilatçılara və öz sənət nümunələri ilə sərgiyə xüsusi rəng qatan rəssamlara təşəkkür bildirilib, onların gələcək yaradıcılıq fəaliyyətlərinə uğurlar arzulanıb.
Çıxışlardan sonra müxtəlif yaş qruplarından olan rəssamlara diplomlar təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.