PDF Oxu

Siyasət

  • 451

Müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya

image

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilmiş amnistiya təşəbbüsü ölkəmiz üçün həm hüquqi-mənəvi, həm də dövlətçilik baxımından böyük əhəmiyyət daşıyır. Bu təşəbbüs həm humanizm, həm də dayanıqlı dövlətçilik ənənələrinin təzahürüdür.
Azərbaycanın müasir dövlətçilik tarixi Ulu Öndər Heydər Əliyevin qurduğu siyasi irsə əsaslanır. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya müstəqil dövlətimizin hüquqi əsasını qoymuşdur. Prezident İlham Əliyev isə bu siyasəti uğurla davam etdirərək suverenliyin tam bərpası və Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkə ərazisində tətbiq olunmasını təmin etmişdir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik dəyərlərinin möhkəmlənməsinin növbəti mərhələsidir.
Bu kontekstdə amnistiya təşəbbüsü, ənənəvi dövlətçilik prinsipinə — humanizm, ədalət və cəmiyyətin rifahının yüksəldilməsi — əsaslanır. Prezident İlham Əliyev hesab edir ki, mərhəmət və ədalət təkcə cəmiyyətin sosial dayanıqlığını gücləndirmir, həm də insan hüquqlarının qorunmasını daha da təmin edir.
Humanizm, yəni insanların hüquq və azadlıqlarına hörmət göstərilməsi və cəmiyyət üçün ən yaxşı qərarların verilməsi, Prezident İlham Əliyevin dövlət siyasətinin əsas ideoloji istiqamətlərindən biridir. Bu təşəbbüs də məhz humanizm dəyərlərinə sadiqliyin əyani nümunəsidir. Prezident çıxışlarında bildirilir ki, amnistiyanın məqsədi cəmiyyətin inteqrasiyasını gücləndirmək, islah olunmuş şəxslərin yenidən qanuna hörmətlə yanaşmasını təmin etməkdir.
Amnistiya aktının layihəsinə görə, cəzadan azad olunacaq şəxslər arasında müxtəlif qruplar nəzərdə tutulub:
• Dövlətin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslər (o cümlədən Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatında iştirak etmiş şəxslər).
• Bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları.
• Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər.
• Qadınlar, 60 yaşdan yuxarı şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar.
• Ciddi ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə həbs olunmuş şəxslər — ya azadlıqdan məhrumetmədən azad ediləcək, ya da cəzanın çəkilməmiş hissəsi azaldılacaq.
Bu geniş əhatə dairəsi amnistiyanın mərhəmət və yenidən cəmiyyətə inteqrasiya prinsiplərini əks etdirir.
Bu Amnistiya aktı Milli Məclisə təqdim olunub və bu, Azərbaycanın tarixində ən böyük amnistiya hesab edilir. Təqribən 20 min nəfər bu aktın təsiri altında olacaq. Onların bir qismi azadlıqdan məhrumetmədən bəraət qazanacaq, bir hissəsinin cəza müddəti azaldılacaq, digər şəxslər isə cəzadan və ya cinayət məsuliyyətindən azad ediləcəklər.
Əvvəllər Azərbaycanda ümumilikdə 12 amnistiya aktı və 71 əfv sərəncamı imzalanıb. Bu, dövlətimizin humanizm və ədalət dəyərlərinə sadiqliyinin uzunmüddətli təzahürüdür.
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan etmək təşəbbüsü dövlətimizin dayanıqlı inkişafını təmin edən dövlətçilik ənənələrinin davamı, humanizm prinsipinə sadiqliyi və sosial ədalətin gücləndirilməsi amacıdır. Bu təşəbbüs həm cəmiyyətin əmin-amanlığını təmin edəcək, həm də insan hüquqları və ədalət elementlərini daha da möhkəmləndirəcəkdir.


Mehri Çıraqova
YAP Laçın rayon təşkilatının 37 saylı ƏPT-nin sədri

Digər xəbərlər