PDF Oxu

Siyasət

  • 1 193

“Konstitusiya və Suverenlik İli”: növbəti humanizm nümunəsi

image

Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsü irəli sürüb. Azərbaycan Respublikasının Milli Məclisi isə dekabrın 19-da dövlət başçısının bu humanist təşəbbüsünü dəstəkləmək məqsədilə hazırlanmış qərar layihəsini müzakirə edəcək. Layihəyə əsasən, ölkəmizdə ümumilikdə iyirmi mindən çox şəxsin birbaşa bu humanist aktdan faydalanacağı gözlənilir.

Bu insani təşəbbüs həm də onların ailə üzvləri olan yüz minlərlə vətəndaşımıza böyük sevinc hissi, əsl bayram əhval-ruhiyyəsi gətirəcək. Bu, ölkəmizdə həyata keçirilən humanizm siyasətinin davamlılığının və ardıcıllığının göstəricisi olmaqla yanaşı, dövlətin öz vətəndaşına etimad və etibarının təcəssümüdür.
Humanizmin növbəti nümunəsi olan bu təqdirəlayiq təşəbbüsün “Konstitusiya və Suverenlik İli”ndə, eyni zamanda, tarixi Zəfərin beşinci ildönümündə gerçəkləşməsi mühüm ictimai və rəmzi məna daşıyır. Bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi ilə 30 il əvvəl müstəqil Azərbaycan Respublikasının müasir dövlətçilik tarixində suverenlik, demokratiya və dünyəvilik kimi ali dəyərlərin əbədi və dönməzliyini təsbit edən əsas qanunumuza – Konstitusiyamıza olan ali ehtiramın ifadəsidir.
Ulu Öndərin siyasi kursunu layiqlə davam etdirən Prezident İlham Əliyevin sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüzün tam bərpa edilməsindən sonra bu, qürurverici tariximizdə dərin hörmətin təntənəsidir. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasından sonra yaşadığımız şərəfli tarixi mərhələdə humanizm və insanpərvərliyin hüquqi tərənnümüdür.
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya təşəbbüsü ilə çıxış edən cənab Prezident bu nümunəvi xeyirxahlıq əməli ilə xalqımızın milli dəyərlərinə ‒ bağışlamaq, mərhəmət hisslərinə hədsiz dərəcədə sıx bağlı olduğunu təsdiqləyir. Cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, azad olunacaq şəxslərin qanunlara əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə inanan dövlət başçısı amnistiya elanı ilə bir daha cəmiyyətimizdə humanizmə sadiqliyini göstərir.
Bu xeyirxah və humanist missiyanın tarixi Zəfərdən sonra ənənə halını alması hər bir azərbaycanlının Prezidenti olan dövlət başçımızın post-münaqişə və sülh dövründə bağışlamaq, əfv etmək qüdrətinin bariz xüsusiyyətinə çevrildiyini əks etdirir. İlk bu cür amnistiya dörd il əvvəl noyabrın 8-də Zəfər Günü münasibətilə elan edilmişdi.
Prezident İlham Əliyev Zəfərin birinci ildönümündə Vətən müharibəsi dövründə yüksək əzm, möhkəm iradə, vahid amal ətrafında birləşmək, bütün gücünü və imkanlarını səfərbər etmək, əsgər və zabitinə, şəhid və qazilərinə sonsuz ehtiram kimi ali xüsusiyyətlərini nümayiş etdirmiş Azərbaycan xalqının özünəinam hissinin və qələbə ruhunun Zəfər Günü ilə daha da yüksəldiyini, bərqərar olmuş ədalət və hüququn aliliyi ideallarının hər bir dövlət və cəmiyyət üçün əhəmiyyətini nəzərə alaraq belə bir addım atmışdı.
Cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq, cəzadan azad olunacaq şəxslərin dövlətimizin rifahına və inkişafına öz töhfələrini verəcəklərinə ümid edilərək 2021-ci ildə bu xoşməramlı hüquqi akt icra olundu. “8 Noyabr” amnistiyası ilə Vətən müharibəsində və respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, digər xüsusi xidmətlərə görə orden və medallarla təltif olunmuş şəxslər, mülki əhaliyə qarşı Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları, habelə Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları və digər kateqoriyadan olan şəxslər və onların yaxın qohumları, ümumilikdə 17 min nəfər Zəfər amnistiyası ilə əhatə olundu.
Yeni amnistiya aktı layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Həmçinin, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. 2021-ci ilin “Zəfər” amnistiyası 17 min nəfərə şamil olunmuşdusa, builki amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Onlardan beş mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş üç mindən artıq şəxsin cəzasının azaldılacağı, yeddi mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, dörd minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi gözlənilir.
Beləliklə, öz ərazi bütövlüyünü və Konstitusiya quruluşunu tam bərpa etmiş müstəqil Azərbaycan Respublikasının tarixində ən böyük amnistiya aktı həyata keçiriləcək.
Amnistiya aktı nəticəsində azadlığa çıxanlar isə yeni həyata başlamaq, dövlətimizin inkişafına və tərəqqisinə töhfə vermək fürsətini əldə etmiş olacaqlar.

Ramid Namazov
Milli Məclisin deputatı

Digər xəbərlər