PDF Oxu

Siyasət

  • 1 058

Humanizmə söykənən güc: suveren Azərbaycan dövlətinin amnistiya siyasəti - ŞƏRH

image

Müasir Azərbaycan dövlətinin siyasi-fəlsəfi inkişaf trayektoriyasında humanizm, hüquqi ədalət və sosial məsuliyyət anlayışları təkcə nəzəri kateqoriyalar deyil, praktik dövlət idarəçiliyinin aparıcı sütunları kimi çıxış edir. Bu baxımdan Prezident İlham Əliyevin 2025-ci ildə amnistiya elan edilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs dövlətçilik düşüncəsinin yetkinliyini, siyasi iradənin dərinliyini və hüquqi mədəniyyətin yüksək səviyyəsini təcəssüm etdirən mühüm hadisə kimi dəyərləndirilir. Sözügedən təşəbbüs yalnız konkret hüquqi nəticələr doğuran normativ aktın başlanğıcı deyil, eyni zamanda dövlətin cəmiyyətə, insana və ədalət anlayışına verdiyi ali dəyərin rəmzi ifadəsidir.

Tarixin müxtəlif mərhələlərində güclü dövlət anlayışı çox zaman sərt idarəetmə, cəza mexanizmlərinin üstünlüyü və inzibati təzyiq vasitələri ilə assosiasiya olunsa da, müasir siyasi təfəkkür gücün əsl mənbəyini hüquqa söykənən humanizm, sosial empatiya və bağışlama mədəniyyətində görür. Prezident İlham Əliyevin təşəbbüsü ilə gündəmə gətirilən amnistiya aktı məhz bu müasir dövlətçilik fəlsəfəsinin təzahürü olaraq, güc və mərhəmətin, qanun və vicdanın harmonik vəhdətini nümayiş etdirir. Bu təşəbbüs göstərir ki, Azərbaycan dövləti cəza siyasətinə yalnız repressiv mexanizm kimi deyil, insan taleyinə toxunan, onu islah edən və cəmiyyətə qaytaran kompleks sosial institut kimi yanaşır.

2025-ci il amnistiya təşəbbüsü miqyasına və əhatə dairəsinə görə Azərbaycan tarixində ən geniş humanist hüquqi aktlardan biri kimi xarakterizə olunur. Minlərlə məhkumun azadlığa buraxılması, cəza müddətlərinin azaldılması və cinayət məsuliyyətindən azad olunma hallarının nəzərdə tutulması cəza-icra sistemində yükün azaldılması ilə yanaşı, cəmiyyətin sosial sağlamlığına da müsbət təsir göstərir. Bu addım yalnız hüquqi statistika deyil, həm də minlərlə ailənin taleyində dönüş nöqtəsi, sosial harmoniyanın bərpası və ictimai psixoloji gərginliyin azalması deməkdir.

Amnistiya təşəbbüsünün mühüm cəhətlərindən biri onun sosial ədalət və humanizm prinsiplərinə söykənməsidir. Xüsusilə həssas sosial qrupların, yaşlıların, qadınların, sağlamlıq imkanları məhdud şəxslərin, eləcə də ölkənin müdafiəsi və təhlükəsizliyi naminə xidmət göstərmiş şəxslərin nəzərə alınması dövlətin sosial məsuliyyətinin və mənəvi prioritetlərinin göstəricisidir. Bu yanaşma dövlətlə vətəndaş arasında qarşılıqlı etimadın gücləndirilməsinə, hüquqi sistemin cəmiyyət tərəfindən daha ədalətli qəbul edilməsinə xidmət edir.

Prezident İlham Əliyevin amnistiya təşəbbüsü həm də insan hüquqlarının təmin edilməsi və resosializasiya siyasətinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Müasir hüquq nəzəriyyəsində cəzanın məqsədi yalnız cəzalandırmaq deyil, həm də fərdin islahı və onun cəmiyyətə yenidən inteqrasiyasıdır. Amnistiya aktı bu baxımdan cəmiyyətə qayıdan şəxslər üçün yeni imkanlar açır, onların sosial adaptasiyasına şərait yaradır və cinayətkarlığın təkrar istehsalının qarşısının alınmasına yönəlmiş preventiv mexanizm rolunu oynayır.

Bu təşəbbüsün siyasi və simvolik mənası da xüsusi qeyd olunmalıdır. Güclü dövlət yalnız sərt idarəetmə ilə deyil, həm də bağışlamaq, anlayış göstərmək və cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirmək bacarığı ilə xarakterizə olunur.

Amnistiya aktı milli həmrəyliyin möhkəmləndirilməsi, ictimai konsensusun genişləndirilməsi və dövlət-cəmiyyət münasibətlərində etimad mühitinin dərinləşdirilməsi baxımından mühüm siyasi mesaj daşıyır. Bu, xüsusilə postmünaqişə və suverenliyin tam bərpa olunduğu mərhələdə dövlətin daxili sabitliyə və sosial birlik ideyasına verdiyi önəmi nümayiş etdirir.

Daha geniş müstəvidə isə bu təşəbbüs Azərbaycanın beynəlxalq hüquqi-siyasi imicinə də mühüm töhfə verir. Hüquqi ədalət, insan hüquqlarına hörmət və sosial məsuliyyət prinsiplərinə əsaslanan bu addım ölkənin müasir dövlətçilik modelini qlobal dəyərlərlə uzlaşdıran praktik nümunə kimi çıxış edir. Amnistiya aktı Azərbaycan dövlətinin öz inkişaf mərhələsini dərk edən, gələcəyə yönəlmiş və insan mərkəzli siyasət yürüdən aktor olduğunu nümayiş etdirir.

Beləliklə, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü hüquqi mexanizmlərin fövqündə dayanan, dövlətçilik düşüncəsinin estetik, mənəvi və strateji qatlarını özündə birləşdirən sanballı siyasi qərar kimi tarixə düşür. Bu təşəbbüs cəmiyyətə verilən aydın mesajdır: güclü dövlət bağışlamağı bacaran dövlətdir; ədalət isə yalnız cəza ilə deyil, insanın yenidən cəmiyyətə qayıdışına imkan yaratmaqla kamilləşir. Məhz bu baxış müasir Azərbaycan dövlətçiliyinin dərin fəlsəfəsini və davamlı inkişaf yolunu müəyyənləşdirən əsas ideya kimi ön plana çıxır.

Leyla Hüseynova

YAP Yasamal rayon təşkilatının AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər