Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir. Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və Silahlı Qüvvələrimizin qəhrəmanlığı sayəsində 2020-ci il sentyabr ayının 27-də başlamış II Qarabağ müharibəsi Zəfər və lokal xarakterli antiterror əməliyyatı ilə suverenliyimiz tam bərpa edilir. Bu münasibətlə 2025-ci ilin dekabr ayında İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürdü.
Bildirməliyik ki, Cənab Prezident İlham Əliyev, hələ 2021-ci ildə Qələbəmizin bir ili və 8 Noyabr Zəfər günü münasibətilə genişmiqyaslı amnistiya aktı imzalayaraq, ümumilikdə, 17 min 267 şəxsin azadlığa çıxmasına şərait yaratmışdır.
Ölkə Başçısı cənab İlham Əliyevin təklifi ilə qəbul edilmiş əfv və amnistiya aktları onun güclü dövlət siyasətindən irəli gəlir. Cənab Prezident həmişə humanizmə əsaslanan siyasəti nəticəsində verdiyi amnistiya aktları və əfv sərəncamları ilə azadlıqdan məhrum edilmiş yüzlərlə şəxsə azadlıqlarını geri qaytararaq, doğmalarını sevindirir.
Prezident İlham Əliyev hər il olduğu kimi bu il də məhz bayram ərəfəsində - “Konstitusiya və Suverenlik ili” münasibətilə ən böyük amnistiya təşəbbüsünü irəli sürərək, icrası üçün lazımi tapşırıqlar verib.
Prezident İlham Əliyevin verdiyi bu qərarlar məhkumluq həyatı yaşamış insanları yenidən cəmiyyətə qaytararaq, onların islah olaraq düz yola qayıtmalarına, layiqli vətəndaş olaraq cəmiyyətdə inteqrasiyalarına, eyni zamanda bir daha cinayət törətməmələri yönündə görülən tədbirlər sırasında mühüm əhəmiyyət kəsb edir.
Cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş amnistiya layihəsi əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində, 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antitterror əməliyyatında iştirak etmiş şəxslərin, eyni zamanda bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınlar, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Amnistiya təşəbbüsü həmçinin böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, eyni zamanda ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər azadlığa çıxacaq, yaxud cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Cənab Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar irəli sürdüyü amnistiya aktı müxtəlif cinayətlər üzrə həbs edilmiş şəxslərə azadlıqlarını geri qaytararaq, onlara özlərini cəmiyyətdə yenidən tapmaları üçün böyük imkanlar verəcək.
Amnistiya aktı eyni zamanda Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına, 1948-1953-cü və 1987-1991-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslərə, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumlarına, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslərə, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslərə (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla) də şamil ediləcək.
Qeyd etmək lazımdır ki, ölkə başçısı cənab İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürdüyü amnistiya təşəbbüsü azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya aktıdır. Bu aktın icrası zamanı ümumilikdə 20 mindən çox azadlıqdan məhrum edilmiş şəxs öz azadlığına qovuşacaq.
Amnistiya aktı zamanı 20 min şəxsin arasında 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad olacağı, eyni cəzayla məhkum edilmiş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan yaxud şərti tətbiq edilmiş cəzalardan, eyni zamanda mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi gözlənilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin amnistiya aktı artıq Milli Məclisə göndərilib, sənəd parlamentdə müzakirə edilib. Ölkə başçısı cənab İlham Əliyevin qəbul etdiyi bu qərar Dünya Azərbaycanlıların Həmrəylik Günündə azad ediləcək şəxslərin ailələri və ümumilikdə cəmiyyət üçün önəmli və əlamətdar hadisə kimi yadda qalacaq.
Pərvanə Talıbova
YAP Yasamal rayon təşkilatının fəalı,
Azərbaycan Milli Konservatoriyası tərkibində
İncəsənət Gimnaziyasının müəllimi