Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti qurulmuş və möhkəmlənmişdir. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğunda, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda da mühüm işlər görülüb. Onun apardığı humanist siyasət nəticəsində ölkəmizdə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə əfv və amnistiya institutlarının bərpa olunaraq tətbiqinə başlanılması da onun humanist siyasətinin növbəti təntənəsi olmuşdur. O vaxtdan Prezidentin müstəsna səlahiyyətlərinə aid olan əfv, habelə amnistiya aktlarının imzalanması davamlı xarakter almışdır. Belə ki, 1995-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 32 əfv fərmanı, 7 amnistiya aktı imzalanmış, həmin dövrdə on minlərlə məhkum bağışlanaraq azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir.
Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı vaxtdan indiyədək humanizm onun həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Son 22 ildə həyata keçirilən siyasi kursun əsas amillərindən biri də insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləridir. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib. Dövlətimizin başçısı bu ənənələrinə sadiqliyini nümayiş etdirərək 15 dekabr 2025-ci ildə Amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Prezident bu təşəbbüsü irəli sürərkən, ilk növbədə, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi Qələbəsi olduğunu nəzərə alıb. Dövlətimizin başçısı, eyni zamanda, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edib.
Dövlət başçımızın təklifi sayəsində Amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük Amnistiya olacaq. Belə ki, Amnistiya aktının ümumilikdə, 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, daha minlərlə şərti azadlıqdan məhrum edilmiş və digər cəzalarla cəzalandırılmış şəxslərin cəzadan azad olunması gözlənilir.
Azərbaycan dövlətinin, onun başçısının daim humanizm prinsiplərinə sadiqliyini diqqətə çatdıran hüquq müdafiəçisi ötən müddət ərzində 12 Amnistiya və 71 əfv təşəbbüsü olduğunu xatırlatdı: “Ümumilikdə, 1995-ci ildən etibarən qəbul edilən 12 Amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya aktı 17 mindən artıq şəxsə şamil edilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 Amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 Amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub. Milli Məclisin deputatı olarkən, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə Amnistiya aktı qəbul edilib.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri