PDF Oxu

Siyasət

  • 522

“Konstitusiya və Suverenlik İli”: Prezident İlham Əliyevin amnistiya təşəbbüsü – hüquqi dövlətçilik, humanizm və milli həmrəyliyin təzahürü - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin ideoloji, hüquqi və mənəvi əsaslarını özündə birləşdirən mühüm siyasi-hüquqi hadisə kimi dəyərləndirilir. Bu təşəbbüs Konstitusiyanın aliliyinə, milli suverenliyin toxunulmazlığına və hüquqi dövlət quruculuğuna verilən ali dəyərin praktik ifadəsi olmaqla yanaşı, dövlətin cəmiyyət qarşısında daşıdığı sosial məsuliyyətin bariz nümunəsidir.

Müstəqil Azərbaycan dövlətinin hüquqi sistemi Konstitusiyada təsbit olunmuş humanizm, ədalət və bərabərlik prinsipləri üzərində qurulmuşdur. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü bu prinsiplərin real həyata keçirilməsini təmin edən mühüm mexanizm kimi çıxış edir. Prezident İlham Əliyevin siyasi iradəsi ilə atılan bu addım hüququn yalnız cəzalandırıcı funksiya daşımadığını, eyni zamanda islah, tərbiyə və yenidən cəmiyyətə inteqrasiya vasitəsi olduğunu nümayiş etdirir. Xüsusilə az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş şəxslərə şamil edilən bu humanist yanaşma dövlətin insan taleyinə verdiyi dəyərin ifadəsidir.

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunduğu yeni tarixi mərhələdə ictimai sabitliyin, milli həmrəyliyin və sosial ədalətin qorunması xüsusi əhəmiyyət kəsb edir. Amnistiya təşəbbüsü məhz bu kontekstdə cəmiyyətin mənəvi sağlamlaşdırılmasına, sosial barış mühitinin möhkəmləndirilməsinə və vətəndaşların dövlətə inamının daha da gücləndirilməsinə xidmət edir. Bu addım ailə institutunun qorunmasına, sosial bağların bərpasına və cəmiyyətin bütün təbəqələri arasında qarşılıqlı etimadın dərinləşməsinə real töhfə verir.

Eyni zamanda, amnistiya aktı ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarının ardıcıl və məqsədyönlü xarakter daşıdığını təsdiqləyir. Hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin fəaliyyətində qanunçuluğun, şəffaflığın və ədalət prinsipinin daha da möhkəmləndirilməsi fonunda amnistiya təşəbbüsü hüquqi dövlət modelinin humanist mahiyyətini ön plana çıxarır. Bu təşəbbüs hüququn ali məqsədinin cəza tətbiqi deyil, insanın islahı, cəmiyyət üçün faydalı fərd kimi formalaşdırılması olduğunu bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürdüyü amnistiya təşəbbüsü müasir Azərbaycan dövlətinin güclü siyasi iradəyə, yüksək hüquqi mədəniyyətə və dərin humanist dəyərlərə əsaslanan inkişaf kursunun parlaq təzahürüdür. Bu təşəbbüs təkcə hüquqi akt deyil, eyni zamanda milli birlik, sosial ədalət və dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edən strateji mesaj kimi tarixə düşür.

Aidə İsgəndərli,

Gədəbəy şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin gənc direktoru

Digər xəbərlər