PDF Oxu

Siyasət

  • 1 258

Amnistiya təşəbbüsünün konseptual əhəmiyyəti - ŞƏRH

image

Azərbaycan Respublikasının müasir dövlətçilik modeli təsadüfi siyasi qərarların və situativ yanaşmaların nəticəsi deyil. Bu model dərin tarixi köklərə, hüquqi varisliyə və xalqın formalaşmış milli iradəsinə söykənən uzunmüddətli inkişaf konsepsiyasının məntiqi davamıdır. Dövlətçilik anlayışı Azərbaycanda yalnız idarəetmə mexanizmi kimi deyil, cəmiyyətin mənəvi-siyasi təşkilatlanma forması kimi qəbul edilir. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü də məhz bu konseptual dövlətçilik fəlsəfəsinin real və praktiki təzahürü kimi dəyərləndirilməlidir. Bu təşəbbüs bir daha sübut edir ki, hüquqi dövlət anlayışı yalnız qanunların sərt və mexaniki icrası ilə məhdudlaşmır. Əsl hüquqi dövlət qanunla vicdan, hüquqla ədalət, cəza ilə humanizm arasında düzgün balans yarada bilən dövlətdir. Amnistiya qərarı göstərir ki, Azərbaycan dövləti hüququ tənzimləyici alət kimi, cəmiyyətin mənəvi sağlamlığını qoruyan, sosial harmoniyanı möhkəmləndirən mexanizm kimi dərk edir. Bu yanaşma hüquqi dövlət anlayışına daha dərin, daha yetkin və müasir məzmun qazandırır. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ali hüquqi sənədi olmaqla yanaşı, milli kimliyin, tarixi yaddaşın, humanist dəyərlərin və sosial ədalət prinsiplərinin hüquqi ifadəsidir. Konstitusiyada insan və vətəndaş hüquqlarının ali dəyər kimi təsbit edilməsi dövlətçilik ənənələrimizin ideoloji əsasını təşkil edir. Bu baxımdan insan faktoru Azərbaycan dövlət siyasətində mərkəzi mövqedə dayanır. Amnistiya institutu isə bu prinsiplərin praktik müstəvidə reallaşdırılmasına xidmət edən mühüm hüquqi mexanizmdir. Amnistiya cəmiyyətlə dövlət arasında etimad münasibətlərini möhkəmləndirən, hüquqi sistemin humanist mahiyyətini ortaya qoyan təsirli vasitədir. Prezident İlham Əliyevin təşəbbüsü göstərir ki, hüquqi sistem yalnız cəza və sanksiyalar üzərində qurulmur. Əksinə, bu sistem islah, sosial reabilitasiya və fərdin cəmiyyətə yenidən inteqrasiyası imkanlarını da özündə ehtiva edir. Bu, cinayət hüququna yanaşmada müasir, sivil və humanist yanaşmanın bariz nümunəsidir. Dayanıqlı inkişaf anlayışı yalnız iqtisadi artım göstəriciləri ilə ölçülə bilməz. Sosial sabitlik, ictimai həmrəylik, hüquqi təhlükəsizlik və vətəndaş məmnunluğu dayanıqlı inkişafın ayrılmaz və əsas komponentləridir. Amnistiya qərarı məhz bu komponentlərin gücləndirilməsinə xidmət edir. Bu qərar dövlətin gücünü sərtlikdə deyil, məsuliyyət və ədalətli yanaşmada gördüyünü nümayiş etdirir. Belə siyasi iradə cəmiyyətdə inam mühitini dərinləşdirir və sosial barışı möhkəmləndirir. Bu addım eyni zamanda onu göstərir ki, Azərbaycan dövləti suverenliyini yalnız ərazi bütövlüyü və siyasi müstəqillik çərçivəsində deyil, hüquqi və mənəvi bütövlük kontekstində də dərk edir. Hüquqi suverenlik və mənəvi suverenlik bir-birini tamamlayan anlayışlar kimi çıxış edir. Dövlətin öz vətəndaşlarına qarşı humanist münasibəti onun daxili suverenliyinin möhkəmliyini şərtləndirən əsas amillərdən biridir. Müstəqil Azərbaycanın dövlətçilik ənənələri Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm ideoloji və strateji xətt üzərində inkişaf etmişdir. Hüquqi dövlət quruculuğu, insan hüquqlarının qorunması və sosial ədalət prinsipləri bu xəttin əsas dayaqlarını təşkil edib. Prezident İlham Əliyev bu siyasi irsi müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirərək dövlət idarəçiliyində humanist yanaşmanı institusional səviyyəyə yüksəldib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi bu siyasətin ardıcıllığını, davamlılığını və konseptual xarakterini bir daha təsdiqləyir. Bu təşəbbüs həm də dövlətin öz vətəndaşına verdiyi mesajdır: Azərbaycan dövləti cəzalandırmaqla yanaşı, bağışlamağı, islah etməyi və yenidən cəmiyyətə qaytarmağı bacaran güclü dövlətdir. Bu yanaşma dövlətçilik mədəniyyətinin yüksək səviyyədə formalaşdığını göstərir.Nəticə etibarilə, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycanın hüquqi dövlət modelinin yetkinlik mərhələsinə çatdığını açıq şəkildə nümayiş etdirir. Dövlət və cəmiyyət arasında qarşılıqlı məsuliyyətin möhkəmləndirilməsi, hüququn aliliyinə əsaslanan humanist yanaşma və sosial ədalət prinsiplərinin qorunması dayanıqlı inkişafın əsas təminatıdır. Bu təşəbbüs Azərbaycan dövlətçiliyinin yalnız hüquqi deyil, eyni zamanda mənəvi və ideoloji gücünün parlaq ifadəsidir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər