Prezident İlham Əliyev ölkəmizə rəhbərliyə başladığı vaxtdan bu günədək humanizm onun həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Prezident bu ənənələrinə sadiqliyini nümayiş etdirərək 15 dekabr 2025-ci ildə Amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar hüquqi dövlət quruculuğunun keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Məhkəmə-hüquq sistemində aparılan institusional dəyişikliklər, insan hüquq və azadlıqlarının daha etibarlı təminatı, cəza siyasətinin humanistləşdirilməsi bu sahədə atılan mühüm addımlar sırasındadır. Amnistiya təşəbbüsü də məhz bu ümumi dövlət strategiyasının tərkib hissəsi kimi çıxış edir.
Suverenliyimizin tam bərpası, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin olunması xalqımızın tarixində yeni mərhələnin əsasını qoydu. Humanizm və mərhəmət ənənələrinə sadiq qalmaq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanmaq Prezident İlham Əliyevin dövlətçilik baxışının mahiyyətini əks etdirir. Bu təşəbbüs eyni zamanda, cəzadan azad olunacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşacaqlarına və ölkənin inkişafına töhfə verəcəklərinə olan inamın ifadəsidir. Təşəbbüs müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya aktı kimi xarakterizə olunur. Gözləntilərə görə, amnistiya ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək. Onlardan 5 mindən artıq məhkumun azadlıqdan məhrum etmə cəzasından azad olunması, 3 mindən çox şəxsin cəzasının azaldılması, minlərlə məhkumun isə azadlığın məhdudlaşdırılması və digər alternativ cəzalardan azad edilməsi nəzərdə tutulur. Bu miqyas amnistiya təşəbbüsünün yalnız hüquqi deyil, həm də dərin sosial-siyasi məna daşıdığını göstərir. Belə bir qərar dövlətin gücünün sərtlikdə deyil, ədalət və mərhəməti balanslaşdırmaq bacarığında təcəssüm olunduğunu bir daha sübut edir. Prezident İlham Əliyevin təklifi sayəsində amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri humanizmdir. Bu siyasətin mərkəzində duran insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsiplərindən ibarət olan dəyərlər sistemi Azərbaycanda cinayət-hüquq siyasətinin yalnız cəza mexanizmi kimi deyil, həm də tərbiyəvi, islah yönümlü bir institut kimi formalaşmasını təmin edib. Dövlət başçısının yanaşmasına görə, hüququn məqsədi insanı cəmiyyətdən təcrid etmək deyil, onu yenidən cəmiyyətə qazandırmaqdır. Bu baxımdan amnistiya təşəbbüsü humanizmin hüquqi müstəvidə ardıcıl və prinsipial tətbiqinin bariz nümunəsi kimi dəyərləndirilə bilər.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Həmçinin, 2021-ci ildə Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü Milli Məclis dəstəkləyərək, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsini qərara almışdı. Həmin aministiya aktı 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən geniş amnistiya olub.
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bağışlamaq, əfv etmək, hansısa səhvi və ya günahı üzündən əzizlərindən ayrı düşmüş insanların ailəsinə, ocağına qovuşmasını təmin etmək kimi humanist addımlar müasir Azərbaycan həqiqətlərinin mühüm tərkib hissələrindən biridir. Həm Ümummilli lider Heydər Əliyevin, həm Prezident İlham Əliyevin bu istiqamətli təşəbbüslərinin sayı hər il artır. Həmin təşəbbüslərin – əfv sərəncamı və amnistiya aktlarının icrası zamanı on minlərlə soydaşımız öz azadlıqlarına qovuşublar. Prezident İlham Əliyevin amnistiya və əfv siyasəti Azərbaycan dövlətinin humanist dəyərlərə, hüquqi və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlyini bir daha nümayiş etdirir. Prezidentin amnistiya təşəbbüsü güclü dövlətçiliklə yanaşı, humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir. Amnistiya layihəsində Vətən müharibəsi və antiterror əməliyyatlarının iştirakçılarına, şəhid ailələrinə, müharibə əlillərinə, eləcə də sosial həssas kateqoriyalara xüsusi yer ayrılması dövlətin sosial məsuliyyətinin bariz ifadəsidir.
Ayaz Quliyev
YAP Xızı rayon təşkilatının sədri