Bu gün Azərbaycanda gənclərə hər sahədə xüsusi diqqət yetirilir. Gənclərin şəxsi inkişafı, dünyagörüşünün artırılması, təhsili, karyera sahəsində inkişafı, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda böyüdülməsi dövlətimizin prioritet məsələrindən biridir.
Hər bir xalqın tarixində onun uğurlu gələcəyini quran şəxsiyyətlər var. Xalqımız Azərbaycanı “gənclər ölkəsi”, gəncləri isə “Azərbaycanın gələcəyi” adlandıran Ulu Öndər Heydər Əliyevə borcludur. Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2 Fevral - Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər siyasətinin institutlaşdırılması məqsədilə Ulu Öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı əsasında Gənclər və İdman Nazirliyi yaradıldı. O dahi şəxsiyyət hər dəfə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Hər bir xalqın, hər bir dövlətin gəncləri onun həm bu günü, həm də sabaha ümididir.1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Liderin gənc nəslə göstərdiyi diqqət zaman keçdikcə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu, böyük xoşbəxtlikdir ki, indiki gənclər müstəqillik dövründə yaşayır, formalaşırlar. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri idi.
Gənclərin şəxsi inkişafı, karyera sahəsində irəliləməsi üçün bir sıra tədbirlər görmüşdür. Bunlara misal olaraq, karyera sahəsində “Yüksəliş” müsabiqəsinin təsis edilməsi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin yaradılması, 2020-ci ilin “Könüllülər İli” elan edilməsi haqqında sərəncam imzalamışdır. Bu və digər tədbirlər məhz gənclərin aktiv fəaliyyətinə, müasir dövrün tələblərinə uyğun şəkildə inkişafına töhfə verir.
Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə mühüm işlərdə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Cənab Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar sahələrdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin qüvvəsinə çevirir, üstəlik, Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir.
Vüqar İsmayılov
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı