PDF Oxu

Siyasət

  • 418

Dövlət siyasətinin müasir modeli

image

Prezident İlham Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin qüdrətli memarı və müasir dövrün görkəmli siyasi lideridir. O, Ulu Öndərin yolu ilə gedərək mükəmməl siyasi təhsil almışdır. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanuna uyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə həyata keçirilir. İlham Əliyev dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almış, elmi tədqiqat işləri aparmış, dissertasiya müdafiə etmişdir. Beləcə, Azərbaycan xalqına başçılıq edən və dünyanın görkəmli dövlət xadimi olan Prezident İlham Əliyev dərin nəzəri biliklərə və Heydər Əliyevin dövlət idarəçiliyi praktikasına yiyələnmiş peşəkar siyasətçidir.

Xalqı ona görə Prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. Azərbaycan Prezidenti qlobal baxışlı lider kimi qəbul olunur.

İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu.

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi. Onun apardığı uğurlu siyasət gələcəyə hesablanmış dövlət siyasətidir. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Digər xəbərlər