PDF Oxu

Siyasət

  • 1 059

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyat və dövlətçilik fəaliyyəti

image

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Heydər oğlu Əliyevin doğum günü münasibətilə onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların təmin edilməsi və ölkəmizin davamlı inkişafının təmin olunması istiqamətində göstərdiyi çoxşaxəli və məqsədyönlü fəaliyyətin əhəmiyyəti xüsusi vurğulanır.

Cənab İlham Əliyev 24 dekabr 1961-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailəsində anadan olmuşdur. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, milli maraqlara əsaslanan siyasi irsi və strateji baxışları cənab İlham Əliyevin şəxsiyyətinin və idarəçilik fəlsəfəsinin formalaşmasında həlledici rol oynamışdır.

1985-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirən cənab İlham Əliyev beynəlxalq münasibətlər sahəsində yüksək ixtisaslı kadr kimi yetişmiş, elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Onun əldə etdiyi nəzəri biliklər və praktik təcrübə sonrakı dövlətçilik fəaliyyətində mühüm rol oynamışdır.

Cənab İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışmış, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ölkəmizin milli maraqlarını beynəlxalq platformalarda ardıcıl və prinsipial şəkildə müdafiə etmişdir.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev bu ali vəzifədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji siyasi kursu müasir dövrün tələblərinə uyğun şəkildə davam və inkişaf etdirmişdir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası dayanıqlı iqtisadi inkişaf mərhələsinə daxil olmuşdur. Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionda və beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqelərini daha da möhkəmləndirmişdir.

“Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşdırılması, nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası ölkənin iqtisadi potensialının artmasına və əhalinin rifah halının yüksəldilməsinə xidmət etmişdir.

Cənab Prezident İlham Əliyevin Ali Baş Komandan kimi həyata keçirdiyi ardıcıl ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə gücləndirilməsini təmin etmişdir. Bu siyasətin məntiqi nəticəsi olaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz ərazi bütövlüyünü təmin etmişdir.

Qazanılmış tarixi Qələbə Azərbaycan dövlətçiliyinin gücünü, xalq–ordu–lider birliyini və milli iradənin sarsılmazlığını nümayiş etdirmişdir.

Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət etmişdir. Azərbaycan Respublikası beynəlxalq təşkilatlar çərçivəsində təşəbbüskar mövqe tutaraq regional və qlobal əməkdaşlığa töhfələr vermişdir.

Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Respublikasının qlobal miqyasda ədalətli beynəlxalq münasibətlər sisteminin təşviqi istiqamətində mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Böyük Qayıdış strategiyası çərçivəsində infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və sosial-iqtisadi həyatın canlandırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına və ölkəmizin strateji inkişaf məqsədlərinin təmin olunmasına yönəlmişdir. Onun rəhbərliyi altında Azərbaycan Respublikası müasir çağırışlara cavab verən, güclü və nüfuzlu dövlət kimi inkişaf etməkdədir.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarını doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzunömürlü və məhsuldar dövlətçilik fəaliyyəti, Azərbaycan Respublikasının daha da qüdrətlənməsi naminə yeni uğurlar arzulayıram!

Cənab Prezident! Azərbaycan xalqı sizinlə qürur duyur!

Nicat İsmayılov

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər