Uzun illər boyu xəritədə kiçik bir məkan kimi diqqətdən kənarda qalan Azərbaycan bu gün beynəlxalq arenada öz sözünü deyən, regional lider kimi qəbul olunan, dünya miqyasında sayılıb-seçilən bir ölkəyə çevrilib. Bu dönüşün arxasında dayanan əsas sima, heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Onun rəhbərliyi altında Azərbaycan, yalnız regional çərçivədə deyil, qlobal miqyasda nüfuzlu, qalib bir ölkə kimi dünyaya səs salıb. Bu nailiyyətlərin təməlində isə müdrik siyasətin və dəmir iradənin sahibi olan ulu öndər Heydər Əliyevin əvəzsiz irsi dayanır.
Heydər Əliyevin təməlini qoyduğu milli dövlətçilik təlimi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə söykənərək, müasir inkişaf üçün möhkəm bünövrə yaratdı. Onun rəhbərliyi ilə Azərbaycan müstəqilliyini möhkəmləndirdi, iqtisadi yüksəliş və siyasi sabitlik dövrünə qədəm qoydu. Heydər Əliyev hər zaman Azərbaycanın suverenliyini, xalqın rifahını və ölkənin beynəlxalq arenada mövqeyinin güclənməsini əsas prioritet kimi müəyyənləşdirdi. Bu irsi uğurla davam etdirən İlham Əliyev, Ulu öndərin ideyalarını yeni dövrün çağırışlarına uyğunlaşdıraraq, Azərbaycanı dünyanın diqqət mərkəzinə çıxaran güclü bir lider oldu.
Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi. Bu müharibə, yalnız torpaqların işğaldan azad edilməsi deyildi; bu, həm də Azərbaycanın milli kimliyinin, qürurunun və suverenliyinin dünyaya sübutu idi. Xalq, dövlət və ordu birliyi, Ali Baş Komandanın müdrik qərarları ilə əsl qəhrəmanlıq dastanı yazdı. Bu zəfər Azərbaycan xalqının gücünü, iradəsini və əyilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın azad edilməsi ilə xalqımız 30 illik nisgilin və haqsızlığın sona çatdığını gördü. Bu qələbə, dünya xəritəsində kiçik bir ölkə kimi görünən Azərbaycanın artıq qlobal miqyasda öz haqqını qoruyan, prinsipial mövqeyi olan güclü bir dövlət olduğunu təsdiqlədi.
Azərbaycanın bu möhtəşəm zəfəri beynəlxalq siyasi səhnədə yeni bir mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət, ölkəmizin beynəlxalq münasibətlərdə fəal rol almasına, qlobal məsələlərdə söz sahibi olmasına şərait yaratdı. Bu gün Azərbaycan, qlobal problemlərin həllində təşəbbüskar mövqeyi ilə diqqət çəkir. Xüsusilə, iqlim dəyişiklikləri və ekoloji təhlükəsizlik məsələlərinin dünya miqyasında həlli istiqamətində atdığı addımlarla Azərbaycan, təkcə regionda deyil, bütün dünyada etimad qazanıb.
Prezident İlham Əliyev humanist dəyərlər, demokratik prinsiplərləidarəetdiyiölkəsini tarixi zəfərlərə, qlobal uğurlara və dayanıqlı inkişafaaparan bir dövlət xadimidir. 44 günlük Vətən müharibəsindən sonra dünya Azərbaycanın qələbəsinə, onun gücünə və qətiyyətinə şahid oldu. COP29 kimi qlobal tədbirin Bakıda uğurla keçirilməsi isə bir daha təsdiq etdi ki, dünya artıq Azərbaycanı yalnız qalib bir ölkə kimi deyil, həm də qlobal problemlərin həllində fəal iştirak edən bir lider dövlət kimi tanıyır.
Prezident İlham Əliyev uzaqgörən siyasəti, xalqına, dövlətinə olan sədaqəti ilə Azərbaycanı dünyada güc mərkəzinə çevirdi. Beynəlxalq gücləri onun iradəsi ilə hesablaşmağa vadar etdi. Bu gün Azərbaycan xalqı öz Prezidentinin ətrafında bir yumruq kimi birləşərək yeni hədəflərə doğru inamla addımlayır. Tarixi torpaqlarımıza, o cümlədən Qərbi Azərbaycana qayıdışın tezləşməsi üçün əlindən gələni əsirgəmir. Əminik ki, Azərbaycan xalqı onun iradəsi və cəsarəti ilə bu zirvəni də fəth edəcək.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı