Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixinin ən şərəfli və taleyüklü mərhələlərindən birini yaşayır. Dövlət başçısının qeyd etdiyi kimi, müstəqillik dövründə ilk dəfə olaraq prezident seçkilərinin Azərbaycanın bütün ərazilərində keçirilməsi təkcə seçki prosesi deyil, eyni zamanda dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasının rəmzi idi.
Prezident İlham Əliyevin səsvermə prosesində Xankəndidə iştirak etməsi dərin siyasi və tarixi məna daşıyır. Dövlət başçısı Azərbaycanın istənilən bölgəsində səs verə biləcəyi halda, məhz Xankəndini seçməklə bütün dünyaya açıq və birmənalı mesaj verdi: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu həqiqət artıq dönməz xarakter alıb. Bu addım illərlə aparılan prinsipial siyasətin, qətiyyətli liderliyin və milli iradənin məntiqi nəticəsiidi.
Prezidentin vurğuladığı kimi, Xankəndidə verilən səs sadəcə bir bülleten deyildi. Bu səs, Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və separatizmin tarixin zibilliyinə atıldığını təsdiqləyən siyasi aktidi. Ermənistanın və onun havadarlarının illərlə bəslədiyi separatçı xülyalar məhz həmin bülletenlə birdəfəlik puça çıxdı. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar olmaqla yanaşı, bölgədə yeni reallıqların dəyişməzliyini də nümayiş etdirdi.
Bu tarixi hadisə göstərdi ki, Prezident İlham Əliyevin apardığı siyasət yalnız hərbi qələbə ilə məhdudlaşmır. Bu siyasət siyasi, hüquqi və mənəvi qələbələrin vəhdətidir. Dövlət başçısının qətiyyəti sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, suveren hüquqlarını bütün ölkə ərazisində faktiki və hüquqi cəhətdən təmin etdi.
Bu gün Xankəndidə keçirilən seçkilər və Prezidentin orada səs verməsi müasir Azərbaycan tarixinin qızıl səhifələrindən biridir. Bu hadisə həm Azərbaycan xalqının iradəsinin təntənəsi, həm də güclü dövlətin güclü liderinin siyasi uzaqgörənliyinin parlaq nümunəsidir. Azərbaycanın gələcək inkişaf yolu artıq möhkəm təməl üzərində qurulub və bu yolun memarı Prezident İlham Əliyevdir.
Eyni zamanda cənab İlham Əliyevin 22 illik fəaliyyəti Azərbaycan xalqının milli maraqlarının tam təmin olunmasına hesablanmış qazanılmış siyasi uğurdur. Bu da onu göstərir ki, prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısıdır.
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri