PDF Oxu

Siyasət

  • 558

Ötən müddət ərzində 12 amnistiya və 71 əfv təşəbbüsü

image

1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk Konstitusiyada Azərbaycanın gələcək inkişaf prioritetləri dəqiq müəyyənləşdirilmiş, respublikamızın sivil, dünyəvi, hüquqi dövlət kimi inkişafının möhkəm təməli qoyulmuş, habelə hakimiyyət bölgüsü prinsipləri göstərilmişdir. Əsas Qanunun qəbulu ilə Azərbaycanda hüquqi islahatların daha sürətli, ardıcıl və çevik mexanizmlər üzərində aparılması mümkün olmuş, dövlət quruculuğu prosesində tamamilə yeni mərhələnin əsası qoyulmuşdur. 1998-ci ilin fevral ayında Ulu Öndər Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzaladı. Bununla da insan hüquqlarının təmin olunmasının hüquqi mexanizmi yaradılmağa başlandı. Ulu Öndər 1998-ci il fevralın 3-də Milli Məclisə ölüm hökmünün ləğvi ilə bağlı müraciətində cinayət–hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis ölkə rəhbərinin ölüm hökmünün ləğvi ilə bağlı humanist təklifini dəstəkləmiş, 10 fevral 1998-ci ildə belə bir tarixi qərar qəbul etmişdir. Ümumbəşəri dəyərlərə, hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq Azərbaycanda məhkumların əfv edilməsi – bağışlanması da təqdirəlayiq ənənəyə çevrilmişdir. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım kimi vurğulanmalıdır. Şəffaf və demokratik əsasda fəaliyyət göstərən komissiyada ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiliyinə lazımi şərait yaradılmış, əfv fərmanlarının imzalanması və məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. 1995-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmışdır. Bir qayda olaraq əlamətdar günlərlə bağlı imzalanmış əfv fərmanları məhkumlarda və onların yaxınlarında böyük sevinc hissi doğurmuşdur. Ulu Öndər Heydər Əliyev eyni zamanda Azərbaycanda amnistiya aktlarının qəbulunu da mütərəqqi ənənəyə çevirmişdir. Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilmişdir. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilmişdir. Prezident İlham Əliyev tərəfindən 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanmış, həmin dövrdə 5 amnistiya aktı qəbul edilmişdir. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv edilmişdir. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunmuşdur. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilmişdir. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürmüşdür. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır. Prezident İlham Əliyevin təklifi sayəsində amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Bu Müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya olacaqdır.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini

Digər xəbərlər