Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan, Vətən müharibəsində qazanılan Şanlı Qələbədən sonra ölkədə baş verən mühüm tarixi hadisələrə həsr edilən “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabının ingilis və rus dillərində nəşrlərinin təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbir Bakı Kitab Mərkəzində elm və təhsil ictimaiyyəti nümayəndələrinin, eləcə də paytaxtın ali məktəb tələbələrinin iştirakı ilə baş tutub.
Tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı kitabın əhəmiyyətindən danışaraq nəşrin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını vurğulayıb. O, Prezident İlham Əliyevi qarşıdan gələn doğum günü münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra bildirib ki, kitab ingilisdilli ölkələrdə və postsovet məkanında yaşayan oxucular üçün Azərbaycanla bağlı həqiqətlərin yayılmasına böyük töhfə verəcək.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov qeyd edib ki, 44 günlük Vətən müharibəsinə həsr olunmuş və artıq 11 dildə çap edilən ilk kitabın davamı kimi nəşr olunan bu əsər müharibədən sonrakı dövrdə Azərbaycanda baş verən mühüm tarixi prosesləri əhatə edir. O vurğulayıb ki, kitabda Şanlı Qələbənin əldə olunması və sonrakı illərdə görülən genişmiqyaslı işlərin Prezident İlham Əliyevin müdrik siyasəti, sərkərdəlik bacarığı və qətiyyətli iradəsi nəticəsində mümkün olduğu xüsusi önə çəkilir.
Təqdimat mərasimində AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükurov, gənc fəal Eldar Əzizov, Vətən müharibəsi qazisi Şəmsəddin Qurbanov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Davud Şeydayev və digər çıxış edənlər kitabın elmi və ictimai əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, nəşr müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə olunan nailiyyətlərin təhlili, həmçinin bu məlumatların xarici oxuculara və gənc nəslə düzgün çatdırılması baxımından mühüm mənbədir.
Qeyd olunub ki, kitabın hər iki nəşri müxtəlif xarici ölkələrdə, postsovet məkanında və Şərqi Avropanın rusdilli auditoriyasında, eləcə də dünyanın aparıcı ali təhsil müəssisələrində, kitabxanalarda və informasiya vasitələrində təqdim olunacaq. Bu da ingilis və rusdilli oxucuların İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda aparılan quruculuq işləri barədə daha ətraflı məlumat əldə etməsinə imkan yaradacaq.
Müəllif: Günel Fərzəliyeva