Son 22 ildə Azərbaycan Prezidenti İlham Əliyevin sosialyönümlü siyasətinə uyğun olaraq, həyata keçirilən ardıcıl tədbirlər, mühüm sosial-iqtisadi nəticələrə yönələn proqramlar ölkədə rifah halının mütəmadi yaxşılaşmasına imkan verməklə, əhalinin aztəminatlı təbəqəsinin ümumi əhali nisbətində xüsusi çəkisinin əhəmiyyətli şəkildə azalmasına, yoxsulluğun 5 faizə düşməsinə səbəb olub. Bu dövrdə əhalinin sayının artmasına, əmək bazarına daxil olan işçi qüvvəsinin ildən-ilə çoxalmasına baxmayaraq, dövlət məşğulluq siyasətinin güclənməsi, yeni iş yerlərinin açılmasının davamlı xarakter alması, aktiv məşğulluq tədbirlərinin geniş miqyas alması nəticəsində işsizliyin kəskin şəkildə azalaraq 5 faizə düşməsinə, əmək bazarında sabitliyə nail olunub. Bu gün Azərbaycan Avropa və MDB məkanında ən aşağı işsizlik göstəricisinin olduğu ölkələr sırasındadır.
200 MANAT MƏBLƏĞİNDƏ BİRDƏFƏLİK MADDİ YARDIM
Prezident İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" 22 dekabr 2025-ci il tarixli Sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğının növbəti təzahürüdür. Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur. Sənədə əsasən, bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb. Sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailəni (335200 nəfər ailə üzvü) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq. Birdəfəlik yardımlar ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürüləcək. Ünvanlı sosial yardım proqramı aztəminatlı ailələrin sosial müdafiəsində mühüm önəm kəsb edir. Ödənilən ünvanlı yardımların məbləği davamlı olaraq artır. 2018-2025-ci illər ərzində bu yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıb və hazırda 425 manat təşkil edir.
Ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi isə qeyd edilən dövrdə 2,2 dəfə artırılaraq 285 manata çatdırılıb və növbəti ildə 300 manata çatdırılması nəzərdə tutulub.
Aztəminatlı ailələrin yoxsulluqdan müdafiəsində mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramı da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2005-ci ildə təsdiq etdiyi və 2006-cı ildən qüvvəyə minən "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna əsasən, həmin vaxtdan həyata keçirilir. Bununla bərabər, dövlət başçısının tapşırığına uyğun olaraq, ölkədə aztəminatlı ailələrin sosial müdafiəsində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunması, onların sosial yardım proqramından asılılığının aradan qaldırılması, mal və materiallarla təmin edilməklə kiçik ailə təsərrüfatlarını yaratmaları, beləliklə, gəlir imkanlarını artırmaları, kiçik ailə biznesinə başlamaları üçün də müvafiq işlər aparılır. Sosial ödənişlərin ünvanlı və aztəminatlı ailələr üçün daha təsirli şəkildə yönəldilməsi məsələsi dövlətin əsas hədəflərindəndir.
"Ünvanlı dövlət sosial yardımı haqqında" Qanun qəbul edilərək, 2006-cı ilin 1 yanvarından etibarən aztəminatlı ailələrə, yəni orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyinatına başlanıb.
"YERLİ İCRA ORQANLARI DAİM ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR YERDƏ OLMALIDIRLAR"
Xüsusi olaraq vurğulayaq ki, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Onların həyat şəraitinin yaxşılaşmasına, ictimai hüquqlarının bərpa olunmasına şərait yaradılıb. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu şəxslərə mərhəmətli qayğısı hər bir ölkə vətəndaşı tərəfindən təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Bütün məsələlərdə, məşğulluq, məişət problemləri, ondan sonra istənilən problem ola bilər insanın həyatında, - bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur". Bu dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiqləyir. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Şəhid ailələrinə və müharibə əlillərinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onların sosial təminatı istiqamətində kifayət qədər tədbirlər reallaşıb. Azərbaycanda müharibə əlillərinə sosial dəstək proqramı həyata keçirilir. Proqramın icrasında müsbət nəticələr əldə olunub, Proqramın icrası işləri ilk gündən operativ və proaktiv təyinat mexanizmi, vətəndaş məmnunluğu prinsipi əsasında aparılıb. Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, icra olunan yeni sosial dəstək proqramı dövlət başçısının müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara xüsusi qayğısının növbəti təzahürüdür.
Dövlətimiz tərəfindən həyata keçirilən sosial dəstək proqramları uğurla icra olunur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirdik. İmkanlar az olanda az edirdik, imkanlar çox olanda çox edirdik, amma edirdik, bu gün də edirik və edəcəyik".
Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib.
Dövlət və cəmiyyət Vətən müharibəsində iştirak edən, qəhrəmanlıqlar göstərən şəhid ailələrinə, qazilərə xüsusi hörmət, məhəbbət bəsləyir, onlara həssaslıqla yanaşır. Ölkə rəhbərliyi tərəfindən qazilərimizə, şəhid ailələrimizə dövlət tərəfindən böyük qayğı və diqqət göstərilir, onların ən kiçik problemlərinə belə həssaslıqla diqqət yetirilir.
Göründüyü kimi, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Bütün görülən tədbirlər respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərən vətən oğullarımıza və onların ailələrində dövlətin qayğısı və həssas yanaşmasının göstəricisidir.
Nəzakət ƏLƏDDİNQIZI