PDF Oxu

Siyasət

  • 540

Müzəffər Lider: böyük Zəfərin memarı

image

Azərbaycanın keçdiyi inkişaf yolu sistemli düşüncəyə və uzaqgörən dövlət siyasətinə əsaslanan məqsədyönlü strategiyanın məntiqi nəticəsidir. Dövlətimizin inkişaf trayektoriyası milli maraqlara söykənən konseptual yanaşma üzərində qurulmuşdur. Bu inkişaf xəttinin əsas hərəkətverici qüvvəsi isə Lider faktorudur. Güclü siyasi iradə, dəyişən qlobal reallıqları düzgün dəyərləndirmək və onlara adekvat reaksiya vermək bacarığı, eləcə də strateji qərarvermə qabiliyyəti dövlət müstəqilliyinin möhkəmlənməsini təmin edən başlıca amillər kimi çıxış etmişdir.

Lider faktoru yalnız idarəetmə mexanizmi kimi deyil, eyni zamanda cəmiyyətin gələcəyə baxışını formalaşdıran fundamental ideoloji dayaqlardan biri kimi çıxış edir. Ölkəmizin sabitlik və tərəqqi modeli paralel və qarşılıqlı şəkildə təmin olunan strateji hədəflər kimi qəbul edilmişdir. Bu yanaşma milli birliyin möhkəmlənməsinə, ictimai həmrəyliyin güclənməsinə, vətəndaşların dövlətə inamının artmasına və dövlətçilik düşüncəsinin dərinləşməsinə mühüm töhfə vermişdir.

2003-cü ildən etibarən Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji xətt yeni tarixi mərhələdə uğurla davam etdirilmişdir. Bu amillər dövrün çağırışlarına uyğun olaraq zənginləşdirilmiş, çevik və müasir idarəçilik elementləri ilə təkmilləşdirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyində mütərəqqi islahatlar dərinləşdirilmiş, qərarların icrası üzərində nəzarət mexanizmləri gücləndirilmiş, sosial ədalət və iqtisadi səmərəlilik dövlət siyasətinin əsas meyarları kimi ön plana çəkilmişdir. Bu faktorlar idarəetmədə effektivliyin və nəticəyönümlülüyün artmasına şərait yaratmışdır.

Xalqa verilmiş bütün vədlərin mərhələli və ardıcıl şəkildə yerinə yetirilməsi dövlətlə vətəndaş arasında etimad mühitinin möhkəmlənməsinə səbəb olmuşdur. Bu etimad real sosial-iqtisadi nəticələr üzərində formalaşmışdır. Məhz bu amil siyasi sabitliyin əsas dayaqlarından birinə çevrilmiş, uzunmüddətli inkişaf strategiyalarının uğurla reallaşdırılması üçün etibarlı zəmin yaratmışdır. Siyasi varislik modeli real nəticələri, müsbət göstəricilər və əldə olunan nailiyyətlər əsasında özünü doğrultmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət dövlət idarəçiliyinin effektiv və funksional modelini formalaşdırmışdır. Sosial-iqtisadi sahədə əldə olunan mühüm nailiyyətlər, güclü iqtisadi potensialın formalaşdırılması, institusional islahatların genişləndirilməsi və idarəetmədə şəffaflığın artırılması bu modelin əsas xüsusiyyətlərindəndir. Dövlət resurslarının səmərəli istifadəsi və strateji planlaşdırma mexanizmləri bu idarəçilik modelinin dayanıqlığını təmin etmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların rifahının yüksəldilməsi, sosial müdafiə mexanizmlərinin davamlı şəkildə təkmilləşdirilməsi, təhlükəsizlik mühitinin möhkəmləndirilməsi və müasir ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətləri kimi kompleks yanaşma əsasında reallaşdırılmışdır. Bu yanaşma beynəlxalq müstəvidə dövlətimizin nüfuzunun artmasına, strateji əhəmiyyətin güclənməsinə və regional proseslərdə təsiredici rolun möhkəmlənməsinə imkan yaratmışdır.

Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri həm iqtisadi xarakter daşıyan layihə, eyni zamanda mühüm geosiyasi məzmunu olan strateji təşəbbüsdür. Bu layihə dünya dövlətləri ilə yeni münasibətlərin qurulmasına güclü impuls vermiş, xarici siyasətin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. 2006-cı il iyulun 13-də kəmərin istismara verilməsi Avrasiya regionunda mövqelərin möhkəmlənməsinə, Cənubi Qafqazda lider rolunun təsdiqlənməsinə xidmət etmişdir. BTC beynəlxalq enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrilərək tərəfdaş dövlətlər üçün etibarlı enerji marşrutu kimi qəbul edilmiş, regional sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə vermişdir.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkədə hərtərəfli yeniləşmə prosesinin əsas dayaqlarından biri kimi çıxış etmişdir. Bu proqramların icrası nəticəsində bölgələrdə infrastruktur layihələri genişlənmiş, kənd təsərrüfatı və yerli istehsal sahələrinin inkişafı üçün real imkanlar yaradılmışdır. İşsizliyin və yoxsulluğun səviyyəsinin azalması sosial siyasətin praktik nəticəsi kimi özünü göstərmişdir. Qeyri-neft sektorunun gücləndirilməsi iqtisadi şaxələnməni təmin etmiş, milli iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığını artırmışdır. Regional tarazlığın qorunması sosial ədalət prinsipinin real ifadəsinə çevrilmişdir.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ölkənin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən əsas strateji sənədlərdən biridir. Beş Milli Prioritet əsasında icra olunan bu Strategiya iqtisadiyyatın dayanıqlığını artırmış, inklüziv iqtisadi artımı stimullaşdırmışdır. Qlobal iqtisadi qütbləşmə, texnoloji tərəqqinin sürətlənməsi və süni intellekt əsaslı həllərin geniş tətbiqi fonunda 2027–2030-cu illər üçün yeni strategiyanın hazırlanması dövlət siyasətinin gələcəyə hesablanmış xarakterini nümayiş etdirir.

44 günlük Vətən müharibəsində əldə olunan Qələbə müasir tariximizin ən mühüm dönüş nöqtələrindən biri kimi dəyərləndirilir. Bu Zəfər siyasi iradənin, xalq–ordu birliyinin və peşəkar hərbi strategiyanın təntənəsidir. Ardınca həyata keçirilmiş antiterror tədbirləri suverenliyin tam bərpasını təmin etmiş, yeni geosiyasi və təhlükəsizlik reallıqları formalaşdırmışdır. Bu proseslər regionda sülh və davamlı inkişaf üçün geniş imkanlar açmışdır.

Böyük Qayıdışa dair dövlət proqramları işğaldan azad edilmiş ərazilərdə ən sistemli və sürətli yenidənqurma modellərindən birini formalaşdırmışdır. Qısa müddətdə irimiqyaslı infrastruktur layihələrinin icrası, yaşayış məntəqələrinin inşası və minlərlə ailənin doğma yurdlarına qayıdışı bu siyasətin real nəticələrini aydın şəkildə nümayiş etdirir. Bu model postmünaqişə dövrü üçün beynəlxalq təcrübədə də diqqətlə izlənilən nümunə kimi dəyərləndirilir.

Yeni mərhələdə qarşıda duran əsas vəzifələr müstəqilliyin daha da möhkəmləndirilməsi, təhlükəsizliyin davamlı təmin olunması, yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması və cəmiyyətin rifah səviyyəsinin yüksəldilməsidir. Bu siyasət milli maraqlara söykənən, gələcəyə yönəlmiş və uzunmüddətli dayanıqlı inkişafı təmin edən strateji baxışın ifadəsidir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Digər xəbərlər