2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini davam etdirərək dövlətimizi strateji hədəflərə doğru uğurla aparmaqdadır. Cənab Prezident həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri ilə hər kəsin rəğbətini və hörmətini qazanaraq həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz əldə etmişdir.
O, keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradıb, hər zaman güclü və müstəqil Azərbaycan naminə çalışıb. Milli-mənəvi dəyərlərə bağlılıq, müstəqillik ideyalarına sadiqlik, azərbaycançılıq məfkurəsinə ali münasibət, müstəqillik, Vətən və Xalq sevgisi cənab Prezidentin lider kimi əsas keyfiyyətləridir.
22 illik prezidentlik fəaliyyəti dövründə xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq dövlət başçımızın həyat fəlsəfəsidir. Prezident İlham Əliyevin Azərbaycanın müstəqillik dayaqlarının möhkəmləndirilməsi ilə bağlı fəaliyyəti ölkəmizin qazandığı uğurların əsas təminatçısıdır. O, hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını öz fəaliyyətinin əsas hədəfi kimi müəyyənləşdirdi.
44 günlük Vətən müharibəsinə qədər Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında daha da gücləndi, böyük Qələbəyə daha çox yaxınlaşdı.
2020-ci ildə Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu. Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, üç il sonra uğurla reallaşan antiterror əməliyyatları nəticəsində isə dövlət suverenliyimiz bərqərar edildi. Prezident İlham Əliyev Qarabağı işğaldan azad etməklə ədaləti və beynəlxalq hüququ bərpa etdi. Azərbaycanın əldə etdiyi böyük Qələbə ilə regionda erməni faşizminin başı əzildi, regionda öz maraqlarını bərpa etmək istəyən destruktiv güclərin planı alt-üst oldu. Prezident İlham Əliyev regionda və dünyada yeni reallıq yaratdı və bu reallıqla indi hamı hesablaşır. Dövlət başçısı bu Qələbə ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin arzularını həyata keçirdi.
Artıq Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndi Cənubi Qafqazda bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edir. Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünü nümayiş etdirdi.
Prezident İlham Əliyevin qurduğu iqtisadi və sosial idarəetmə modeli neft gəlirlərinin səmərəli idarə olunmasına, qeyri-neft sektorunun gücləndirilməsinə, insan rifahının yüksəldilməsinə və dövlətin strateji gücünün artırılmasına xidmət edir.
Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycan xalqının keçdiyi tarixi mərhələləri, azərbaycançılığın əsas prinsiplərini əks etdirir. Bu məsələnin təməlində dövlət başçısının qədim tariximizə, şanlı keçmişimizə, zəngin mədəni irsimizə məhəbbəti və hörməti dayanır. Prezident İlham Əliyev milli-mənəvi dəyərləri ictimai münasibətlərin mühüm komponentinə çevirib. Azərbaycan Prezidenti dünyada İslam həmrəyliyi təşəbbüsünün müəllifi, eyni zamanda multikulturalizm ənənələrinin böyük təbliğatçısıdır.
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Azərbaycan xalqının tarixi Qələbəsinin regionda formalaşmaqda olan yeni reallığın əsas səbəblərindən biri olduğunu dəfələrlə açıq şəkildə səsləndirən Prezident İlham Əliyev “Qərbi Azərbaycan” mövzusunu dövlət siyasəti ilə yanaşı, həm də regionumuzda formalaşan yeni reallığın ayrılmaz hissəsinə çevirib.
Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin vacib tərkib hissəsi olan Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanın Qarabağla bağlı absurd iddialarının dəf edilməsində vacib rol oynayır. Ermənistanla münasibətlərin normallaşması prosesində insan hüquqları müstəvisində Azərbaycanın mövqeyini daha da gücləndirir.
Təsadüfi deyil ki, Qərbi Azərbaycan məsələsi Prezident İlham Əliyev tərəfindən beynəlxalq və yerli platformalardakı çıxış, müsahibə və görüşlərdə dəfələrlə ən ali səviyyədə səsləndirilmişdir.
Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir.
Prezident İlham Əliyev 2025-ci ildə də işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərlər edib və genişmiqyaslı infrastruktur layihələrinin təməlini qoyub. Ümumilikdə son 5 ildə cənab Prezident azad olunmuş ərazilər üzrə çoxsaylı tədbirlərdə iştirak edib, müxtəlif təyinatlı layihələrin təməlini qoyub, yeni infrastruktur layihələrinin açılışını edib.
Prezident İlham Əliyev sevincli günlərini hər zaman xalqla bölüşür. Belə ki, müharibədən əvvəl doğum günlərində dövlət başçımız adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşürdü. Hər dəfə də onları əmin edirdi ki, doğma yurdları mütləq işğaldan azad olunacaq.
44 günlük Vətən müharibəsindən sonra isə dövlət başçımız doğum günlərini azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda xalqla birlikdə qeyd edir. Bu dəfəki doğum günü ərəfəsində dövlət başçımız Qarabağda yeni infrastruktur layihələrinin açılışını etdi, həmçinin Xankəndidə, Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşdü. Dövlət başçımız 34 ildən sonra öz doğma yurduna qayıdan soydaşlarımızla görüşdə də bəyan etdi ki, “1991-ci il dekabrın sonunda Ermənistan dövləti sizi öz dədə-baba torpağınızdan didərgin salmışdı. Dekabrın sonu idi və indi 2025-ci il dekabrın sonunda ədalət burada da, bu torpaqda da tam bərqərar olur.”
Bu gün beynəlxalq miqyasda Azərbaycan Prezidentinin sözü imzası qədər dəyərlidir. Bu gün əksər siyasi xadimlər Prezident İlham Əliyevin uğur formulunu nümunə kimi göstərir, Azərbaycan təcrübəsinə istinad edirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz bu gün siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz, regionun mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilmişdir. Cənab Prezidentin daim vurğuladığı kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə strateji əhəmiyyətini artırmış, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir.
İqtisadiyyatın inkişafı və əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə qəbul edilən qanunlar, fərman və sərəncamlar əsasında icra olunan sosial-iqtisadi layihələr vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir.
Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə icra olunan dövlət proqramları ölkə üzrə tarazlı inkişafın təmin edilməsində mühüm rol oynayır.
Cənab Prezidentin güclü xalq, güclü dövlət, güclü lider modeli müstəqil və müasir Azərbaycanın güc mənbəyidir.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir.
Nigar Məmmədova
Milli Məclisin deputatı