PDF Oxu

Siyasət

  • 647

Dünya Azərbaycanlılarının Həmrəylik Günü qürur mənbəyimizdir

image

1989-cu il dekabr ayının sonunda Naxçıvan Muxtar Respublikasında SSRİ-İran sərhədlərinin dağılması zamanı Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası qoyulur. Bundan öncə 1989-cu il noyabr ayında keçirilən məclisdə xalqın iradəsi ilə Cənubi və Şimali Azərbaycan arasındakı sərhədlər götürülərək, mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar verilir. O vaxtlar SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna maneçilik törətməyə çalışsa da, heç bir vəchlə öz istəyinə nail ola bilmir. Elə həmin ilin – 1989-cu il dekabr ayının 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilir. 1990-cı il dekabr ayının 31-i Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü böyük təmtəraqla qeyd edilir.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ulu Öndər Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan edir. Bununla əlaqədar Naxçıvan MR Ali Məclisi 6 bəndlik qərar da qəbul edir.

Dünya azərbaycanlıları arasında birlik və həmrəylik yaratmaq məqsədilə təşkil edilmiş bu bayram mühüm əhəmiyyət kəsb edir. Belə ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü hazırda dünyanın 70-dən çox ölkəsində vətəndaşlarımız tərəfindən qeyd edilir.

Ulu Öndər Heydər Əliyevin siyasətinin başlıca prinsiplərindən biri azərbaycanlıların birlik və həmrəyliklərini qoruyub-saxlamaq idi. Bununla bağlı çıxışlarından birində özü də bu məsələyə toxunaraq qeyd edir ki: “Əziz Azərbaycanlılar. Harda olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən!”.

Ümummilli Lider Heydər Əliyev 23 may 2001-ci il tarixli Sərəncam imzalayaraq, 2001-ci il noyabrın 9-10-da ilk dəfə olaraq Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının təşkil edilməsinə nail olur. Ulu Öndər Heydər Əliyev həmin Qurultayda dünya azərbaycanlılarının milli birlik və həmrəyliklərinin təmin edilməsi ilə bağlı çıxış edərək fikrini bildirir: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Ümummilli Liderin səsləndirdiyi həmin fikir bu gün də bütün azərbaycanlıların qürurla xatırladığı milli kəlama çevrilib.

Dünya Azərbaycanlılarının birinci Qurultayında çıxış edən Ümummilli Lider Heydər Əliyev xalqına, millətinə olan sevgisini ifadə etmək üçün fikrini bu cümlələrlə tamamlayır: “Müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasət sahələrində fəaliyyəti, əldə etdiyi uğurlar bütün dünya azərbaycanlılarının milli şüurunu, özünüdərkini, ana torpağı Azərbaycana bağlılığını günü-gündən möhkəmləndirir. Azərbaycan icmallarının ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən cəmiyyətləri, klub və dərnəkləri soydaşlarımızın və həmvətənlərimizin təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinə məqsədyönlü xarakter verilməsi yolunda faydalı iş aparır, məskunlaşdıqları ölkələrdə Azərbaycanı daha tanıtmaq üçün müxtəlif tədbirlər görür”.

Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarına etdiyi bu çağırış qısa zamanda öz bəhrəsini verərək, bütün dünyada həmin günün azərbaycanlılar tərəfindən Həmrəylik günü kimi qeyd edilməsi ilə nəticələnir. Ulu Öndər Heydər Əliyevin həmin çağırışı özündə etnik-mədəni rəngarəngliyi, dövlətin gələcək taleyini, həmçinin Azərbaycanın coğrafi gerçəkliklərini əks etdirir.

Ümummilli Lider Heydər Əliyevin güclü siyasətini layiqli şəkildə davam etdirən Prezident İlham Əliyev də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların problemləri ilə maraqlanır, ayrı-ayrı ölkələrə xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onların problemləri ilə, onları narahat edən məsələlərlə maraqlanaraq, maraqla fikir mübadiləsi aparır.

Cənab Prezident İlham Əliyevin müxtəlif illərdə imzaladığı sərəncamlara əsasən 2006-cı il 16 martda Dünya Azərbaycanlılarının II, 2011-ci il 5-6- iyulda III, 2016-cı il 3-4 iyun tarixlərində isə IV Qurultay təşkil edilmişdir.

Hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Ölkə Başçısı cənab İlham Əliyev xalqın qarşısında geniş çıxış edir, dünyada və ölkədə baş verən hadisələrə münasibət bildirir.

2025-ci il yanvar ayının 1-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə çıxış edən Prezident İlham Əliyev qeyd edir ki: “2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır”.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı,

Azərbaycan Milli Konservatoriyası tərkibində

İncəsənət Gimnaziyasının müəllimi

Digər xəbərlər