PDF Oxu

Siyasət

  • 530

Azərbaycanda idmanın inkişafı: dövlət siyasətinin strateji prioriteti və milli gücün təzahürü - ŞƏRH

image

Müasir dövrdə idman yalnız fiziki fəaliyyət və yarış nəticələri ilə məhdudlaşmır, eyni zamanda dövlətin beynəlxalq imicinin formalaşdırılması, gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsi, sosial həmrəyliyin möhkəmləndirilməsi və davamlı inkişafın təmin olunması baxımından mühüm strateji vasitəyə çevrilmişdir. Prezident cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı Azərbaycanın idman siyasətinin mahiyyətini, əldə olunan nailiyyətlərin səbəblərini və gələcək hədəflərini kompleks şəkildə əks etdirən mühüm proqram xarakterli çıxış kimi qiymətləndirilir.

Dövlət başçısının qeyd etdiyi kimi, 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda rekord nəticələr əldə etmiş, 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal qazanmışlar. Bu göstəricilər təkcə statistik uğur deyil, uzunmüddətli, ardıcıl və məqsədyönlü dövlət siyasətinin real nəticəsidir. Keçən illərlə müqayisədə medal sayının artması idmana göstərilən diqqətin, maddi-texniki bazanın gücləndirilməsinin və peşəkar kadr hazırlığının effektivliyini açıq şəkildə nümayiş etdirir. Bu uğurlar Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirir və beynəlxalq arenada nüfuzunu yüksəldir.

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi formalaşdırılmışdır. Son illər ərzində bu sahədə çoxsaylı dövlət proqramları icra edilmiş, idman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur. Müasir Olimpiya İdman kompleksləri, idman zalları və məşq mərkəzləri həm paytaxtda, həm də regionlarda yaradılmışdır. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, 2025-ci ildə Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu cür komplekslərin sayı 46-ya çatmışdır. Bu fakt regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, gənclərin idmana cəlb olunmasına, sağlam həyat tərzinin təşviqinə və kütləvi idmanın genişlənməsinə xidmət edir.

Sağlam gənc nəslin formalaşdırılması Prezident cənab İlham Əliyevin siyasətində xüsusi yer tutur. Dövlət başçısı çıxışında qeyd etmişdir ki, sağlam gənclik olmadan nə idman uğurları, nə də ölkənin davamlı inkişafı mümkündür. Fiziki sağlamlıqla yanaşı, mənəvi saflıq, yüksək vətənpərvərlik ruhu və milli dəyərlərə bağlılıq gənc nəslin əsas keyfiyyətləri olmalıdır. Bu baxımdan idman yalnız yarış və nəticə deyil, eyni zamanda tərbiyəvi və ideoloji funksiyanı da yerinə yetirir. Uşaqlıqdan idmana göstərilən maraq gənclərin zərərli vərdişlərdən uzaq qalmasına, intizamlı və məqsədyönlü şəxsiyyət kimi formalaşmasına şərait yaradır.

Prezident cənab İlham Əliyevin çıxışında gənclərin vətən pərvərlik ruhunda tərbiyə olunması məsələsi xüsusi vurğulanmışdır. Dövlət başçısının fikrincə, fiziki hazırlıqla mənəvi saflıq vəhdət təşkil etməlidir. Məhz bu vəhdət ölkənin gücünü və dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir. Son illərin tarixi hadisələri, xüsusilə Azərbaycanın qazandığı şanlı Qələbə gənclərin məsuliyyət hissini artırmış, onları müzəffər xalqın layiqli nümayəndələri kimi formalaşdırmışdır. Beynəlxalq yarışlarda Dövlət Bayrağının qaldırılması hər bir idmançı üçün təkcə şəxsi uğur deyil, həm də milli qürur məsələsidir.

Azərbaycanda beynəlxalq idman yarışlarının keçirilməsi ölkənin idman potensialının və təşkilati imkanlarının göstəricisidir. 2025-ci ilin ən mühüm idman hadisələrindən biri MDB ölkələrinin üçüncü Oyunlarının yüksək səviyyədə təşkili olmuşdur. Bu Oyunların bölgələrdə – Gəncə, Xankəndi və digər şəhərlərdə keçirilməsi Azərbaycanın regional inkişaf strategiyasının idman sahəsində də uğurla tətbiq olunduğunu göstərir. Minlərlə xarici qonağın iştirakı ilə keçirilən bu yarışlar ölkəmizin qonaqpərvərliyini, müasir infrastrukturunu və təhlükəsiz mühitini nümayiş etdirmişdir. Azərbaycan komandasının bu Oyunlarda komanda hesabında ikinci yeri tutması isə idmançıların yüksək hazırlıq səviyyəsinin göstəricisidir.

İlk dəfə olaraq ölkəmizdə UFC üzrə beynəlxalq turnirin keçirilməsi Azərbaycanın dünya idman xəritəsində mövqeyini daha da gücləndirmişdir. Ölkə başçımızın qeyd etdiyi kimi, adətən bu səviyyəli yarışlar dünyanın ən inkişaf etmiş ölkələrində təşkil olunur. Bakının bu siyahıya daxil edilməsi ölkəmizin potensialını, müasir şəhər mühitini və beynəlxalq etimadı əks etdirir. Minlərlə iştirakçının və dünya mediasının diqqətində olan bu turnir Azərbaycanın beynəlxalq təqdimatında mühüm rol oynamışdır. Formula 1 yarışlarının Azərbaycanda keçirilməsi idmanla turizmin vəhdətinin bariz nümunəsidir. Dövlət başçısının vurğuladığı kimi, ilk Formula 1 yarışından sonra ölkəyə gələn xarici turistlərin sayı 20 faiz artmışdır. Bu yarışlar vasitəsilə Bakı şəhəri və ümumilikdə Azərbaycan yarım milyarddan artıq auditoriyaya təqdim olunur. Bütün biletlərin əvvəlcədən satılması, yarışlara olan yüksək maraq bu tədbirlərin ölkənin imicinə verdiyi töhfəni bir daha təsdiqləyir.

Qış idman növlərinin inkişafıda dövlət siyasətinin mühüm istiqamətlərindəndir. İlk dəfə olaraq Qusarda, Şahdağ Xizək Turizm Mərkəzində Xizək üzrə Dünya Kubokunun keçirilməsi Azərbaycanın qış idmanları sahəsində yeni mərhələyə qədəm qoyduğunu göstərir. Şahdağ Xizək Mərkəzinin davamlı inkişafı, yeni trasların istifadəyə verilməsi və turizm infrastrukturunun genişlənməsi regionda minlərlə yeni iş yerinin yaradılmasına şərait yaratmışdır. Bu proses yalnız idman deyil, eyni zamanda sosial-iqtisadi inkişaf baxımından da böyük əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyevin çıxışında qeyd olunan mühüm hadisələrdən biri də Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsidir. Bu status Azərbaycanda idman sahəsində görülən işlərə verilən yüksək beynəlxalq qiymətin təzahürüdür. Dövlət başçısı bu adı ləyaqətlə daşımağın vacibliyini vurğulayaraq, idmançıların və idman mütəxəssislərinin əməyinin dövlət tərəfindən daim qiymətləndirilməsinin əhəmiyyətini xüsusi qeyd etmişdir. Artıq 30 ilə yaxındır ki, idman sahəsində nailiyyətlərin mükafatlandırılması ənənəvi xarakter almış və bu, idmançıları yeni uğurlara ruhlandıran mühüm stimula çevrilmişdir.

Nəticə etibarilə, Prezident cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş çıxışı göstərir ki, idman Azərbaycanda təkcə fiziki fəaliyyət sahəsi deyil, milli gücün, dövlət siyasətinin və ictimai inkişafın ayrılmaz tərkib hissəsidir. İdmanın inkişafı sağlam gəncliyin formalaşdırılmasına, vətənpərvər cəmiyyətin qurulmasına, beynəlxalq nüfuzun möhkəmləndirilməsinə və ölkənin davamlı inkişafına xidmət edir. Mövcud siyasətin ardıcıl şəkildə davam etdirilməsi Azərbaycanın gələcək illərdə də idman sahəsində yeni uğurlara imza atacağını deməyə əsas verir.

Tərminə Əsədova,

“Vətən” idman liseyi publik hüquqi şəxsin direktoru

Digər xəbərlər