PDF Oxu

Siyasət

  • 781

İdmanın inkişafı ardıcıl və sistemli dövlət siyasətidir - ŞƏRH

image

2025-ci ilin idman yekunları Azərbaycanın son illər həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin real nəticələrini aydın şəkildə nümayiş etdirir. Beynəlxalq arenalarda 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medalın qazanılması təkcə idman nailiyyəti deyil, bu sahədə qurulmuş idarəetmə modelinin səmərəliliyinin göstəricisidir. Cənab Prezident İlham Əliyevin ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında vurğuladığı kimi, bu nəticələr təsadüfi xarakter daşımır. Onlar ardıcıl şəkildə həyata keçirilən dövlət proqramlarının, maliyyə və institusional dəstəyin məntiqi yekunudur. Medalların sayının ildən-ilə artması onu göstərir ki, Azərbaycan idmanı artıq epizodik uğurlar mərhələsini keçərək davamlı inkişaf yoluna qədəm qoyub. Bu, ölkənin beynəlxalq nüfuzuna da birbaşa təsir edən mühüm amildir.

Azərbaycanda idmanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi infrastruktur sahəsində də öz aydın ifadəsini tapmaqdadır. Ölkəmizin praktiki olaraq sıfırdan yaradılmış müasir idman infrastrukturu bu gün regionun ən inkişaf etmiş şəbəkələrindən biri hesab olunur. Gəncə və Yevlaxda yeni Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi ilə bu cür komplekslərin sayı 46-ya çatıb ki, bu da regionların sosial-iqtisadi inkişafında idmanın rolunu daha da gücləndirir. Bu yanaşma paytaxt mərkəzli inkişaf modelindən imtina edilərək, ölkə üzrə balanslı və inklüziv idman mühitinin formalaşdırılmasına xidmət edir. Nəticə etibarilə, bölgələrdə yaşayan gənclər üçün idman sadəcə seçim deyil, əlçatan həyat tərzinə çevrilir.

Dövlət başçısının çıxışında xüsusi vurğulanan daha bir məqam gənc nəslin həm fiziki, həm də mənəvi baxımdan sağlam yetişdirilməsidir. İdman bu prosesdə yalnız nəticə yox, həm də vasitə rolunu oynayır. Vətənpərvərlik, məsuliyyət və kollektiv ruh kimi dəyərlərin idman mühitində formalaşması gələcək inkişafın ideoloji dayaqlarını möhkəmləndirir. Beynəlxalq yarışlarda Dövlət Bayrağının qaldırılması, xüsusilə son beş ilin qələbə ruhu fonunda, idmançıların üzərinə əlavə mənəvi məsuliyyət qoyur. Bu gün Azərbaycan idmanı təkcə nəticə qazanmır, eyni zamanda milli kimliyin, dövlətin gücünün və ümumxalq həmrəyliyinin təcəssümünə çevrilir.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Digər xəbərlər