31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan, dünya azərbaycanlılarını bir amal ətrafında birləşdirən əlamətdar tarixi gündür. Bu gün yalnız təqvimdə qeyd olunan bayram deyil, eyni zamanda azərbaycançılıq ideologiyasının, milli birliyin, vətənə bağlılığın və diaspor həmrəyliyinin parlaq təzahürüdür. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı üçün bu gün Vətənlə mənəvi bağların daha da möhkəmləndiyi bir gündür.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu ilin dekabrında Naxçıvan Muxtar Respublikasında baş verən tarixi hadisələrlə qoyulmuşdur. Həmin dövrdə Araz çayı boyunca süni şəkildə yaradılmış sərhədlərin aradan qaldırılması, xalqın milli azadlıq və birlik arzularının açıq şəkildə ifadə olunması Azərbaycan xalqının milli oyanışının bariz nümunəsi idi. Məhz bu hadisələr Azərbaycan xalqının parçalanmış taleyinə etirazın, milli həmrəyliyə çağırışın simvoluna çevrildi.
1991-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmən təsis edildi. Bu tarixi qərar azərbaycanlıların milli kimliyinin qorunması, diaspor fəaliyyətinin gücləndirilməsi və dünya miqyasında vahid mövqedən çıxış etməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Bu gün dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır və onların böyük bir qismi tarixi Vətəndən kənarda məskunlaşıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü bu geniş coğrafiyada yaşayan soydaşlarımızın bir-biri ilə əlaqələrinin möhkəmləndirilməsinə, milli maraqların müdafiəsində birgə fəaliyyətə çağırışdır. Diaspor təşkilatlarının fəallaşması, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məhz bu həmrəyliyin real nəticələridir.
Xüsusilə son illərdə Azərbaycan diasporu daha mütəşəkkil və məqsədyönlü fəaliyyət göstərir. Bu fəaliyyətin mərkəzində Vətənə bağlılıq, dövlət maraqlarının qorunması və milli mövqenin gücləndirilməsi dayanır. Həmrəylik Günü bu baxımdan diasporumuzun ideoloji birliyinin möhkəmlənməsində mühüm rol oynayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti dünya azərbaycanlılarının birliyinin daha da möhkəmlənməsinə xidmət edir. Dövlət başçısının mütəmadi olaraq dünya azərbaycanlılarına ünvanladığı müraciətlər, diaspor təşkilatları ilə əlaqələrin genişləndirilməsi, milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiə olunması bu siyasətin əsas istiqamətləridir.
Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının nümayiş etdirdiyi həmrəylik, birgə informasiya mübarizəsi və milli mövqedən çıxış etməsi Həmrəylik Gününün ideoloji mahiyyətinin real nəticələrini bir daha sübut etdi. Bu birlik Azərbaycanın gücünü, xalq-dövlət birliyinin sarsılmaz olduğunu bütün dünyaya göstərdi.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü təkcə keçmişə ehtiram deyil, eyni zamanda gələcəyə ünvanlanmış bir çağırışdır. Bu çağırış milli kimliyimizi qorumağa, Azərbaycan dövlətçiliyini möhkəmləndirməyə, dilimizi, mədəniyyətimizi və tarixi yaddaşımızı yaşatmağa səsləyir. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu həmrəyliyin ayrılmaz parçasıdır.
Bu əlamətdar gün Azərbaycan xalqının birliyinin, milli ruhunun və sarsılmaz iradəsinin təntənəsidir. Dünya azərbaycanlılarının həmrəyliyi nə qədər güclü olarsa, Azərbaycan dövləti də bir o qədər qüdrətli və nüfuzlu olacaqdır.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik ideyasının təcəssümü, azərbaycançılıq məfkurəsinin bayramıdır. Bu gün hər bir azərbaycanlının qəlbində Vətən sevgisini daha da gücləndirir, bizi ortaq tariximiz, dilimiz və gələcəyimiz ətrafında birləşdirir. Milli həmrəyliyimiz daim möhkəm olsun, Azərbaycan adı dünyada həmişə uca tutulsun!
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi