Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı ölkəmizdə idmanın inkişafının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu xüsusi vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, müstəqillik illərində idman sahəsində əldə edilən nailiyyətlər sistemli və ardıcıl dövlət qayğısının, eyni zamanda düzgün strategiyanın nəticəsidir.
Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, Azərbaycan idmançıları 2025-ci il ərzində beynəlxalq arenalarda — dünya və Avropa çempionatlarında, nüfuzlu turnir və yarışlarda uğurla çıxış edərək ölkəmizin bayrağını yüksəklərə qaldırmış, dövlət himnimizin səslənməsinə nail olmuşlar. Bu qələbələr Azərbaycan idmanının yüksək səviyyədə olduğunu və ölkəmizin idman dövləti kimi tanındığını bir daha təsdiqləyir.
Dövlət başçısı vurğulamışdır ki, idman sahəsində əldə olunan uğurlar təkcə fərdi nailiyyətlər deyil, bütövlükdə Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edir. Prezident İlham Əliyev qeyd etmişdir ki, idman diplomatiyası bu gün ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir və Azərbaycan beynəlxalq idman tədbirlərinin etibarlı ev sahibi kimi dünyada tanınır.
Çıxış zamanı cənab Prezident ölkənin bütün bölgələrində müasir idman infrastrukturlarının yaradıldığını, olimpiya idman komplekslərinin, idman zallarının və meydançalarının inşa edildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, regionlarda idmanın inkişafı gənclərin sağlam ruhda böyüməsinə, asudə vaxtlarının səmərəli təşkilinə və onların zərərli vərdişlərdən uzaq tutulmasına mühüm töhfə verir.Prezident İlham Əliyev gənclər siyasəti ilə idman siyasətinin bir-birini tamamladığını vurğulayaraq, idmanın gənclərdə vətənpərvərlik, intizam, iradə və mübarizə ruhunun formalaşmasında əvəzsiz rol oynadığını qeyd etmişdir. Dövlət başçısı idmançıların hər bir uğurunun gənc nəslə örnək olduğunu bildirmişdir.Çıxışında Prezident İlham Əliyev idmançıların qələbələrinin arxasında dayanan məşqçilərin, federasiya rəhbərlərinin, həkimlərin və bütün idman mütəxəssislərinin əməyini yüksək qiymətləndirmiş, onların peşəkar fəaliyyətinin uğurların davamlı olmasında mühüm rol oynadığını qeyd etmişdir. Dövlət başçısı bu sahədə çalışan hər kəsə təşəkkürünü ifadə etmişdir.Sonda cənab Prezident vurğulamışdır ki, idmanın inkişafı istiqamətində həyata keçirilən siyasət gələcək illərdə də ardıcıl şəkildə davam etdiriləcək, idmançılara dövlət qayğısı daha da gücləndiriləcəkdir. Prezident İlham Əliyev əminliklə bildirmişdir ki, Azərbaycan idmançıları qarşıdakı dövrdə də böyük qələbələrə imza ataraq ölkəmizin adını beynəlxalq arenada layiqincə təmsil edəcəklər.
Lalə İskəndərova
YAP Qusar rayon təşkilatının fəal üzvü