PDF Oxu

Siyasət

  • 823

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir - ŞƏRH

image

Azərbaycanda idmanın inkişafı müstəqil dövlət quruculuğunun mühüm tərkib hissələrindən biri kimi formalaşmış və bu sahə ardıcıl, məqsədyönlü dövlət siyasəti nəticəsində bu gün yüksək inkişaf mərhələsinə çatmışdır. Ölkəmizdə idman yalnız yarışlar və medallar anlamı daşımır, eyni zamanda sağlam cəmiyyətin formalaşdırılması, gənclərin fiziki və mənəvi inkişafı, milli ruhun gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Bu siyasətin möhkəm ideoloji və institusional əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər Heydər Əliyev idmanı gənclərin tərbiyəsində, xalqın sağlam gələcəyinin təmin olunmasında mühüm vasitə kimi dəyərləndirmiş və bu sahəni daim diqqət mərkəzində saxlamışdır. Onun rəhbərliyi dövründə idman sahəsində sistemli islahatlara başlanılmış, idman federasiyalarının fəaliyyəti gücləndirilmiş, beynəlxalq idman əlaqələrinin qurulması üçün mühüm addımlar atılmışdır. Heydər Əliyev idmanı yalnız fiziki güc deyil, iradə, intizam və vətənpərvərlik məktəbi kimi qiymətləndirirdi. Məhz bu baxış bucağı idmanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməsinə səbəb olmuşdur.

Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə ardıcıl və uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idman sahəsi dinamik inkişaf edir, bu istiqamətdə dövlət proqramları həyata keçirilir, idmançılara və məşqçilərə göstərilən diqqət və qayğı daha da artırılır. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulamışdır ki, idmanın inkişafı birbaşa olaraq ölkənin gələcək inkişafı ilə bağlıdır və bu sahəyə qoyulan sərmayə uzunmüddətli strateji nəticələr verir.

Son illər ərzində ölkəmizdə idman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur. Bu gün Azərbaycanın idman infrastrukturu ən müasir standartlara cavab verir. Paytaxt Bakı ilə yanaşı, regionlarda da idman obyektlərinin inşası dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Bölgələrdə Olimpiya İdman komplekslərinin, idman zallarının, stadionların istifadəyə verilməsi gənclərin idmana cəlb olunmasında mühüm rol oynayır. 2025-ci ildə Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman komplekslərinin tikintisinin başa çatdırılması bu siyasətin davamlı xarakter daşıdığını bir daha təsdiqlədi. Bununla da regionlarda fəaliyyət göstərən Olimpiya İdman komplekslərinin sayı 46-ya çatmışdır ki, bu da nadir göstəricilərdən biridir.

Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, sağlam gənc nəsil yetişdirmək ölkənin gələcək inkişafı üçün əsas şərtlərdən biridir. Fiziki cəhətdən sağlam, mənəvi baxımdan zəngin gənclər cəmiyyətin dayağıdır. İdmanın kütləviləşdirilməsi, uşaqların və yeniyetmələrin erkən yaşlardan idmana cəlb olunması sağlam həyat tərzinin formalaşmasına xidmət edir. Uşaqlıqdan idmana göstərilən maraq gələcəkdə həm peşəkar idman uğurlarına, həm də sağlam cəmiyyətin yaranmasına yol açır. Bu baxımdan məktəblərdə, idman məktəblərində və regionlarda yaradılan şərait mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda idmanın inkişafı yalnız idman nəticələrinin yüksəldilməsi ilə məhdudlaşmır. Bu, sağlam cəmiyyətin formalaşdırılması, milli ruhun gücləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və ölkənin gələcəyinin təmin olunmasına xidmət edən kompleks dövlət siyasətidir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan idmanı qazandığı beynəlxalq uğurlarla bu siyasətin düzgünlüyünü bir daha təsdiqləyir.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Digər xəbərlər