Azərbaycan dünyada sabitlik və etibarlı tərəfdaşlıq nümunəsi kimi tanınır. Bu reallığın formalaşmasında məqsədyönlü dövlət siyasəti nəticəsində xalq–iqtidar birliyinin təmin olunması həlledici rol oynayır. Müasir dövlətçiliyin banisi, Ümummilli Lider Heydər Əliyev müstəqillik dövründə cəmiyyətin parçalanmış təbəqələrini vahid milli ideya ətrafında birləşdirən, milli həmrəyliyi dövlət siyasətinin əsas dayaqlarından birinə çevirən uzaqgörən lider olmuşdur.
Milli həmrəyliyin institusional əsaslarının qoyulmasında 1991-ci il dekabrın 16-da Ulu Öndərin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında qəbul edilən qərar tarixi əhəmiyyət kəsb edir. Həmin qərarla 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması təsbit edilib. Bu təşəbbüs tarixi yaddaşın bərpası və dünya azərbaycanlılarının ideoloji baxımdan vahid məfkurə ətrafında formalaşması baxımından mühüm dönüş nöqtəsi olub. Ali Məclisin bu məsələ ilə bağlı ölkə parlamentinə müraciəti və 1991-ci il dekabrın 25-də qanunun qəbul edilməsi həmrəyliyin artıq dövlət səviyyəsində rəsmiləşdirildiyini göstərir.
Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü daim diqqət mərkəzində saxlamış, bu bayramı milli ideologiyanın təcəssümü kimi dəyərləndirmişdir. Ümummilli Liderin diaspor siyasəti dünya azərbaycanlılarının təşkilatlanması, milli kimliyin qorunması və tarixi Vətənlə mənəvi əlaqələrin möhkəmləndirilməsi məqsədlərinə xidmət etmişdir. Xarici səfərləri zamanı soydaşlarla görüşlərə xüsusi önəm verməsi, onların problemləri ilə maraqlanması və təşkilatlanmaya çağırması bu siyasətin praktik ifadəsi idi.
Bu strateji xətt müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir və yeni məzmunla zənginləşdirilir. Dövlətimizin başçısı diaspor fəaliyyətini milli maraqların müdafiəsində mühüm vasitə kimi dəyərləndirir, xaricdə yaşayan azərbaycanlıların vahid mövqedən çıxış etməsini prioritet vəzifə hesab edir. Cənab İlham Əliyevin xarici səfərləri zamanı diaspor nümayəndələri ilə keçirdiyi görüşlər, verdiyi tövsiyələr və aparılan fikir mübadiləsi milli birliyin qlobal miqyasda möhkəmləndirilməsinə xidmət edir. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması, “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi bu siyasətin institusional əsaslarını daha da gücləndirmişdir.
Milli həmrəyliyin real gücü isə Vətən müharibəsi dövründə bütün aydınlığı ilə özünü göstərib. Bu müharibədə əldə olunan möhtəşəm Zəfər yalnız hərbi üstünlüyün deyil, eyni zamanda xalqın birliyinin nəticəsi idi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın fəallığı, kütləvi aksiyalar, informasiya mübarizəsində nümayiş etdirdikləri prinsipial mövqe haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti xalqı vahid məqsəd ətrafında birləşdirən əsas amillərdən birinə çevrilib.
Məhz bu Zəfərin məntiqi davamı olaraq 22 aprel 2022-ci ildə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) keçirilib. Tarixi şəhərdə baş tutan bu mötəbər toplantı milli həmrəyliyin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirib. Qurultay diasporun fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Zəfər ideologiyasının qlobal miqyasda möhkəmləndirilməsinə töhfə verib. Burada verilən mesajlar göstərir ki, dünya azərbaycanlıları bundan sonra da vahid mövqe və ortaq məsuliyyət anlayışı ilə çıxış edəcəklər.
Yeni dövrdə qarşıda duran hədəflər daha mürəkkəb və çoxşaxəlidir. Qlobal geosiyasi dəyişikliklər, regional çağırışlar və beynəlxalq münasibətlər sistemində baş verən proseslər milli birliyin qorunmasını daha da aktuallaşdırır. Azərbaycan bu mürəkkəb kataklizmlərə baxmayaraq həm daxili, həm də xarici siyasətdə mühüm nailiyyətlər əldə edir, mövqelərini möhkəmləndirir. Bu nailiyyətlərin əsas dayaqlarından biri isə xalqın öz Liderinin ətrafında sıx birləşməsidir. Prezident İlham Əliyev 2023-cü ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib: “Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar”.
Bu gün milli həmrəylik yalnız keçmişin mirası deyil, həm də gələcəyin təminatıdır. Qarşıda dayanan yeni perspektivlərin reallaşdırılması, uzunmüddətli strateji hədəflərin həyata keçirilməsi məhz bu birliyin qorunub saxlanmasından asılıdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Zəfər Qurultayı bu baxımdan milli iradənin, dövlətçilik məsuliyyətinin və gələcəyə inamın parlaq ifadəsi kimi tarixdə öz yerini tutmuşdur.
Mahir Süleymanlı
Milli Məclisin deputatı