PDF Oxu

Siyasət

  • 639

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətidir - ŞƏRH

image

Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı kimi, Azərbaycanda idmanın inkişafı təsadüfi deyil, ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Dövlət başçısının “Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir” fikri son illərdə bu sahədə görülən işlərin mahiyyətini və miqyasını aydın şəkildə ifadə edir.

Müstəqilliyin ilk illərində ölkədə idman infrastrukturu demək olar ki, mövcud deyildi. Maddi-texniki baza zəif, bölgələrdə idmanla məşğul olmaq imkanları isə son dərəcə məhdud idi. Lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar nəticəsində idman infrastrukturu faktiki olaraq sıfırdan qurulmuş, bu sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Bu gün Azərbaycan idman infrastrukturu baxımından regionun ən qabaqcıl ölkələrindən biridir. Paytaxt Bakı ilə yanaşı, respublikanın bütün bölgələrində müasir idman obyektləri fəaliyyət göstərir. Prezidentin çıxışında qeyd edildiyi kimi, bölgələrdə idmanla məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Bu, dövlətin regionların sosial-iqtisadi inkişafına verdiyi önəmin bariz nümunəsidir.

Xüsusilə Olimpiya İdman Komplekslərinin inşası bu siyasətin ən mühüm göstəricilərindəndir. Bu il Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman Komplekslərinin tikintisinin başa çatdırılması ölkənin idman həyatında mühüm hadisə olmuşdur. Bununla da bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman Komplekslərinin sayı 46-ya çatmışdır. Bu göstərici postsovet məkanında və regionda nadir nailiyyətlərdən biridir.

Olimpiya İdman Kompleksləri yalnız idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulmur. Bu obyektlər eyni zamanda gənclərin sağlam ruhda tərbiyə olunmasına, asudə vaxtın səmərəli təşkilinə və kütləvi idmanın inkişafına xidmət edir. Burada minlərlə uşaq və gənc müxtəlif idman növləri ilə peşəkar səviyyədə məşğul olmaq imkanı qazanır.

Prezident İlham Əliyevin idmana xüsusi diqqət göstərməsi Azərbaycanın beynəlxalq idman nüfuzunun da artmasına səbəb olmuşdur. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq yarışlar, Olimpiya oyunlarında və dünya çempionatlarında qazanılan uğurlar məhz düzgün dövlət siyasətinin nəticəsidir. Bu nailiyyətlər Azərbaycan bayrağının beynəlxalq arenalarda ucaldılmasına, dövlətimizin gücünün və imkanlarının nümayişinə xidmət edir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, idman infrastrukturu bu gün Azərbaycanda ən yüksək səviyyədədir və bu sahənin inkişafı davamlı xarakter daşıyır. Dövlətin idmana göstərdiyi qayğı gələcəkdə daha sağlam, vətənpərvər və güclü gənc nəslin formalaşmasına zəmin yaradır. Bu isə ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatının sədri

Digər xəbərlər