Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə iştirakı və səsləndirdiyi strateji məzmunlu fikirlər bir daha təsdiqlədi ki, ölkədə idman sahəsi dövlətin xüsusi diqqətində saxlanılan prioritet istiqamətlərdən biridir. Ölkə başçısının qeyd etdiyi kimi, bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində idmançılar üçün müasir məşq şəraiti yaradılıb, peşəkar məşqçi heyətinin hazırlanması və beynəlxalq təcrübənin ölkəyə gətirilməsi təmin edilib. Eyni zamanda, gənc istedadların aşkar olunması və onların mərhələli şəkildə yüksək səviyyəli idmançı kimi yetişdirilməsi dövlət səviyyəsində prioritet istiqamətə çevrilib. Bu sistemli yanaşma Azərbaycan idmançılarının Olimpiya Oyunları, dünya və Avropa çempionatları kimi nüfuzlu yarışlarda stabil və ardıcıl nəticələr göstərməsinə imkan yaradıb. Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyev hər bir böyük idman uğurunu şəxsən dəyərləndirir, qalib idmançılarla görüşür və onları yüksək dövlət mükafatları ilə təltif edir. Bu diqqət və qayğı idmançılar üçün güclü motivasiya mənbəyi olmaqla yanaşı, gənc nəsildə idmana marağı artırır və qalibiyyət ruhunu möhkəmləndirir. Nəticədə, Azərbaycan idmanı təkcə nəticələr baxımından deyil, həm də davamlılıq, peşəkarlıq və beynəlxalq rəqabət qabiliyyəti baxımından yeni keyfiyyət mərhələsinə yüksəlib. Bu il idmançılarımız beynəlxalq yarışlarda 2000-dən çox medal, 600-dən çox qızıl medal qazanması da onu göstərir ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və idmanın inkişafına göstərilən bu diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Bu gün idman sahəsində əldə olunan nailiyyətlər bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman ölkəsidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. İdmançılarımızın beynəlxalq yarışlarda, xüsusilə Olimpiya oyunlarında ölkəni təmsil edərkən əldə etdikləri qələbələr, bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir. Bu, öz növbəsində, Azərbaycanda yetişməkdə olan gənc nəslin idmana marağı, vətənə və Azərbaycan bayrağına olan məhəbbətinin artmasına, eləcə də yeni dövrün çağırışlarına cavab verən idman növlərinin inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradır.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini