Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini qəbul edib. SİA xəbər verir ki, sənəd parlamentin plenar iclasında müzakirəyə çıxarılıb və qanun layihəsini Milli Məclisin deputatı Rizvan Nəbiyev təqdim edib.Məlumata görə, saziş 2025-ci il oktyabrın 15-də Kamerun Respublikasının paytaxtı Yaunde şəhərində keçirilən beynəlxalq tədbir çərçivəsində imzalanıb. Sənəd Azərbaycan və Somali arasında diplomatik münasibətlərin inkişaf etdirilməsinə, rəsmi səfərlərin və qarşılıqlı əlaqələrin sadələşdirilməsinə xidmət edir.Sazişə əsasən, hər iki ölkənin etibarlı diplomatik pasportuna malik şəxsləri qarşılıqlı şəkildə viza tələbindən azad olunur. Diplomatik pasport sahiblərinə digər tərəfin ərazisinə daxil olmaq, oranı tərk etmək və tranzit keçid hüquqları tanınır. Onların qarşı tərəfin ərazisində 90 günədək vizasız qalmasına icazə verilir. Daha uzun müddət qalma hallarında isə müvafiq viza və ya yaşayış icazəsi tələb olunur.Sənəddə həmçinin qeyd edilir ki, bu hüquqlar diplomatik nümayəndəliklərdə və konsulluqlarda çalışan əməkdaşlara, eləcə də onların ailə üzvlərinə də şamil edilir. Tərəflər milli təhlükəsizlik, ictimai asayiş və əhalinin sağlamlığı ilə bağlı hallarda bu hüquqları müvəqqəti və ya tam məhdudlaşdıra bilər. Belə qərarlar barədə qarşı tərəf ən azı 48 saat əvvəl diplomatik kanallarla məlumatlandırılmalıdır.Qanun layihəsinə əsasən, sazişin qüvvəyə minməsi üçün tərəflər daxili hüquqi prosedurları tamamladıqdan sonra bir-birini yazılı şəkildə məlumatlandıracaq. Bu bildirişlərdən sonra sənəd 90 gün ərzində qüvvəyə minmiş hesab olunacaq. Saziş 5 il müddətinə bağlanır və tərəflərdən biri etiraz etmədiyi halda avtomatik olaraq növbəti 5 il müddətinə uzadılacaq.Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Müəllif: Günel Fərzəliyeva