PDF Oxu

Siyasət

  • 1 304

İşğaldan azad edilmiş ərazilərimizdə ən müasir tələblərə cavab verən idman infrastrukturu yaradılır

image

“Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazanılır. Ölkəmizdə idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış böyük nəticələr təsdiqləyir. Azərbaycanda mütəmadi olaraq beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında müsbət nəticələr göstərirlər”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, artıq bütün dünya Azərbaycanı idman ölkəsi kimi tanıyır. Başa çatmaqda olan 2025-ci ildə də idman sahəsində əhəmiyyətli nəticələr əldə olunub. Prezident İlham Əliyev bu ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı qazanılan nəticələri müsbət qiymətləndirib. Bu il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda 2000-dən çox medal qazanması böyük uğurdur. Qızıl medalların sayı isə 600-dən artıqdır. Eyni zamanda, dövlət başçısının dediyi kimi, bu il Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir. Ümumiyyətlə, cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra ölkə idmanının inkişafında sıçrayış baş verdi. Ötən illər ərzində ölkədə güclü idman infrastrukturu da yaradılıb. Respublikamızda idman infrastrukturunun yaradılmasında ən yüksək standartlar tətbiq edilir. İndiyədək istifadəyə verilən idman obyektlərində beynəlxalq səviyyəli yarışları keçirmək üçün bütün imkanlar var. Yaradılan güclü idman infrastrukturunun sosial əhəmiyyəti də kifayət qədər genişdir. Paytaxtda və bölgələrdə ən yüksək dünya standartları səviyyəsində inşa edilən idman obyektləri bir tərəfdən gənclərin asudə vaxt keçirmələri, fiziki sağlamlıq göstəricilərini yüksəltmələri üçün əvəzolunmaz məkandır. Artıq regionlarda olimpiya komplekslərinin sayı 46-ya çatıb. Sayı getdikcə artan bu obyektlərdə keçirilən mötəbər yarışlarda Azərbaycanın himnini səsləndirən, üçrəngli bayrağını qaldıran idmançılar ordusu yetişir. Digər tərəfdən, idman-olimpiya komplekslərinin və qurğularının tikintisi, onların ətrafında yaradılan infrastruktur artıq böyük təsərrüfat təşkil edir. Bu obyektlərdə çoxlu sayda yeni iş yerləri yaradılıb.
Millət vəkilinin sözlərinə görə, yaradılan müasir infrastruktur, ölkədəki möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi və xalqın xoş məramı beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Bunun nəticəsidir ki, ötən dövr ərzində respublikamızda Avropa və Dünya çempionatlarının keçirilməsi ənənə halına çevrilib. Ölkəmiz 2015-ci ildə Avropa Oyunlarına, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Eləcə də, respublikamız neçə illərdir ki, bütün dünyada məşhur olan və böyük tamaşaçı auditoriyasına malik “Formula-1” yarışlarına uğurla ev sahibliyi edir. Bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilib. Bu da dünya miqyasında ən populyar idman yarışıdır və adətən bu yarışların əksər mərhələləri Amerikada keçirilir, yaxud da ki, ən inkişaf etmiş ölkələrdə. Bakını da bu siyahıda olması ilk növbədə, ölkəmizin idman potensialını göstərir. Bu il ölkəmizdə keçirilmiş əsas idman yarışı isə Üçüncü MDB Oyunlarıdır. Cənab Prezident MDB Oyunlarının çox yüksək səviyyədə keçirildiyini vurğulayaraq deyib: “Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. Məndə olan məlumata görə, bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi və yaradılmış şəraitlə tanış olublar. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə biz layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir”. Həqiqətən də, deputat olaraq təmsil etdiyim Gəncə şəhəri də Üçüncü MDB Oyunlarına uğurla evsahibliyi etdi. Gəncədə Olimpiya İdman Kompleksi, Gəncə İdman Sarayı, Gəncə şəhər stadionu və digər idman strukturlarının olması şəhərimizdə idmanın kütləviliyini şərtləndirir. Belə möhtəşəm idman infrastrukturunun yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Pərvin Kərimzadə qeyd edib ki, dövlət tərəfindən idmanın kütləviliyinə xüsusi diqqətin yetirilməsi sağlam gəncliyin formalaşmasında mühüm rol oynayır: “Bu amil isə Vətənimizin sağlam gələcəyi deməkdir. Biz şahidi olduq ki, 44 günlük Vətən müharibəsində məhz sağlam, vətənpərvər gənclik torpaqlarımızı düşmən tapdağından azad etdi. Cənab Prezident bu faktı hər zaman vurğulayır. Dövlət başçısının mərasimdə dediyi kimi, bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var”.
Digər bir vacib məqam isə işğaldan azad edilmiş ərazilərimizdə ən müasir tələblərə cavab verən idman infrastrukturunun yaradılmasıdır. Artıq bu bölgələrdə idman infrastrukturu yaradılır, yerli və beynəlxalq səviyyəli yarışlar keçirilir. Bu, o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzur da böyük idman yarışlarının keçirildiyi məkanlara çevrilməkdədir.

Digər xəbərlər