Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı bir daha nümayiş etdirdi ki, ölkəmizdə idman yalnız yarış və nəticələrdən ibarət deyil, milli inkişaf strategiyasının, dövlət ideologiyasının və gələcək nəsillərin formalaşdırılmasının mühüm dayağıdır. Dövlət başçısının çıxışı həm görülmüş işlərin ümumiləşdirilməsi, həm də gələcək hədəflərin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, 2025-ci il Azərbaycan idmanı üçün xüsusilə uğurlu il olmuşdur. İl ərzində idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatmışdır. Bu göstərici son illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, idman infrastrukturlarına yatırılan investisiyaların və peşəkar hazırlıq sisteminin məntiqi nəticəsidir. Azərbaycan idmançıları beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edərək milli bayrağımızı dəfələrlə zirvəyə qaldırmışlar.
Azərbaycanda idmanın inkişafı ardıcıl və sistemli şəkildə dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Son illər ərzində dövlət xətti ilə bir çox proqramlar icra edilmiş, bölgələrdə müasir idman kompleksləri, olimpiya mərkəzləri inşa olunmuşdur. Bu siyasət idmanın yalnız paytaxtda deyil, ölkənin bütün regionlarında əlçatan olmasına xidmət edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə idmana göstərilən diqqət və qayğı bu sahənin davamlı inkişafını təmin edən əsas amillərdəndir.
Dövlət başçısı xüsusi olaraq qeyd etdi ki, sağlam gənc nəslin formalaşdırılması ölkənin gələcək inkişafı üçün həyati əhəmiyyət daşıyır. Fiziki cəhətdən sağlam, mənəvi baxımdan güclü gənclər Azərbaycanın sabahıdır. İdman gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaqla yanaşı, intizam, iradə və məsuliyyət hissini də aşılayır.
Cənab Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri də gənclərin sağlam vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Dövlət siyasətinin mühüm istiqamətlərindən biri məhz gənclərin Vətən sevgisi ilə böyüməsi, milli dəyərlərə sadiq yetişdirilməsidir. Bu yanaşma ölkəmizin uzunmüddətli inkişafının və dövlətçiliyimizin əbədiliyinin təminatıdır.
İdmançılarımızın beynəlxalq yarışlarda Azərbaycan Dövlət Bayrağını qaldırması hər bir vətəndaş üçün böyük qürur mənbəyidir. Cənab Prezident İlham Əliyev bu məqamı xüsusi qeyd edərək bildirdi ki, idman sahəsində əldə edilən hər bir uğur milli birlik və həmrəyliyi daha da möhkəmləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır.
2025-ci ildə ölkəmizdə keçirilmiş əsas idman hadisələrindən biri MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Bu mötəbər yarışlar Azərbaycanın böyük beynəlxalq idman tədbirlərini yüksək səviyyədə təşkil etmək qabiliyyətini bir daha nümayiş etdirmişdir. Yarışlar həm idman, həm də siyasi baxımdan ölkəmizin regional liderliyini təsdiqləmişdir.
Bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnirin keçirilməsi Azərbaycan idman tarixində mühüm hadisə kimi qiymətləndirildi. Bu turnir Azərbaycanın qlobal idman platformalarında tanınmasını daha da gücləndirmiş, ölkəmizin idman brendinə yeni dəyər qatmışdır.
Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, ilk Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır. Bu fakt idman tədbirlərinin yalnız idman deyil, eyni zamanda iqtisadi və turizm baxımından da mühüm rol oynadığını göstərir. Azərbaycan beynəlxalq idman yarışları vasitəsilə özünü dünyaya müasir, təhlükəsiz və cəlbedici ölkə kimi təqdim edir.
Ölkəmizdə yüzlərlə idman və beynəlxalq yarışların keçirilməsi artıq ənənə halını almışdır. Gələn ildə də bu yarışların davam etdirilməsi gözlənilir. Bu isə Azərbaycanın beynəlxalq idman mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək.
2025-ci ilin ən mühüm hadisələrindən biri Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi olmuşdur. Prezident İlham Əliyev bu hadisəni ölkəmiz üçün böyük şərəf kimi qiymətləndirmişdir. Bu status Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların beynəlxalq miqyasda tanınmasının rəsmi təsdiqidir.
Cənab Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş çıxışı bir daha göstərdi ki, idman Azərbaycanda yalnız fiziki fəaliyyət deyil, milli ideologiyanın, dövlət siyasətinin və strateji inkişaf konsepsiyasının ayrılmaz hissəsidir. Güclü idman – güclü dövlət deməkdir və bu yol Azərbaycan üçün dönməzdir.
Nicat İsmayılov
YAP Yasamal rayon təşkilatının fəal üzvü