PDF Oxu

Siyasət

  • 548

“Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi” - TƏHLİL

image

44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır.

“Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortaya çıxırdı və hər bir şəhidin şəhid olduğu yer mənim üçün torpaq idi. Hər gün itkilərlə bağlı məlumat alanda hansı hissləri keçirirdim, bunu sözlə demək mümkün deyil”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bir neçə dəfə əməliyyatın istiqamətinin dəyişdirilməsinin, müharibənin noyabrın 10-da dayandırılmasının mümkün itkilərin qarşısının alınması ilə bağlı olduğunu qeyd edərək bildirib: “Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi”.

Doğma torpaqlarımızın qorunması üçün daim hazır olmağın vacibliyini ifadə edən Prezident İlham Əliyev vurğulayıb ki, hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək; “Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”.

“Azad edilmiş bütün bölgələri mərkəzlə, mərkəzi infrastrukturla faktiki olaraq birləşdirdik”

Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və iqtisadi inteqrasiya layihələri suveren dövlət anlayışının real təcəssümü olub.

Qarabağın və Şərqi Zəngəzurun bərpası Azərbaycan dövlətinin ən prioritet istiqamətlərindən biridir. Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının icrası uğurla reallaıb. “ İşğaldan azad edilən ərazilərin Azərbaycanın iqtisadi zəncirinə cəlb olunması üçün yeni institusional addımların atılması planlaşdırılırmı?” sualını dövlətimizin başçısı belə cavablandırıb: “ Bəli, təbii. Çünki, ilk növbədə, biz gərək bu bölgələr arasında bağlantılar yaradaydıq. Çünki işğal dövründə oradakı vəziyyət acınacaqlı idi. Siz hamınız - Azərbaycan vətəndaşları o bölgələrdə olarkən, xüsusilə işğaldan azad ediləndən sonrakı ilk aylar ərzində görürdük ki, vəziyyət çox acınacaqlı idi. Hətta mən özüm də dəfələrlə orada olarkən özümə sual verirdim: bəs bu qədər milyonlar, yüz milyonlarla telemarafonlar, - ermənilər hər il yüz milyonlarla pul yığırdılar, - bu pul hara gedirdi? Mən onu orada görmədim. Ancaq bəlkə də orada separatçıların villalarını saymaq olar, amma nə ictimai binalar, nə də hansısa yaşayış binaları var idi. Faktiki olaraq, orada həyat sanki XX əsrin 70-ci illərində dayanıb. Məndə belə təəssürat var idi. Mən 1970-ci illərdə dəfələrlə Azərbaycanın bölgələrində olmuşam və sanki o xatirələr qayıtmış oldu.

Ona görə biz bu bölgələri canlandırmaq üçün gərək bağlantılar, enerji təminatı yaradaydıq. Bu işlə məşğul olduq və azad edilmiş bütün bölgələri mərkəzlə, mərkəzi infrastrukturla faktiki olaraq birləşdirdik. Enerji sistemi - dairəvi enerji sistemi quruldu və bu gün mərkəzdən oraya yox, oradan mərkəzə enerji daxil olur”.

“Hər şey ardıcıllıqla, Baş plan əsasında edilir”

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işgal altında olan torpaqlarımızı azad etdi. Bu gün bu torpaqlara yeni həyat vermək üçün bütün qüvvələr səfərbər edilib, dağılan şəhər və kəndlərimizdə bərpa və quruculuq bərpa işləri davam etdirilir. Dövlətimiz öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir. “İnfrastruktur layihələri icra edildikcə təbii ki, evlərin tikintisinə daha böyük vəsait veriləcək. Amma hər şey ardıcıllıqla, Baş plan əsasında edilir. Biz həm tələsirik, həm də tələsməməliyik. Çünki bəzi hallarda tələskənliyə yol verərkən keyfiyyət uduzur. Yaxud da ki, hansısa işi keyfiyyətsiz edənlər deyirlər ki, bəs tələsmişəm, mən bunu filan tarixdə təhvil verməli idim. Mən hamıya dedim, bax, ictimaiyyətə də deyə bilərəm ki, heç vaxt heç bir tarix qoymamışam. Bu il üçün də heç bir tarix qoymamışam. Nə vaxt hazır olacaq, o vaxt hazır olacaq. Amma hər şey gərək keyfiyyətli olsun və təbii ki, ictimai nəzarət də olmalıdır”, - deyə Prezident bildirib.

“Bu gün artıq 70 min insan orada yaşayır”

Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. Dövlət başçısının bildirdiyi kimi “Bu gün artıq 70 min insan orada yaşayır. Təbii ki, onların hamısı köçkün deyil. Ancaq işləyənlər və əksəriyyət köçkün deyil. Otuz iki şəhər və kənddə. Bu il biz orada yaşayanların sayını bir neçə dəfə artıra bilərik. Amma hələ ki, heç bir rəqəm demək istəmirəm. Çünki ola bilir, bəzi hallarda işin icrası uzanır. Amma hesab edirəm ki, ən azı 30-50 kənddə biz insanları yerləşdirə bilərik və beləliklə, ola bilər 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq.”

İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. “Çünki biz beş il ərzində 307 meqavat gücündə su elektrik stansiyaları yaratmışıq və əlbəttə ki, azad edilmiş bölgələrdə istehlak qat-qat aşağıdır. Ona görə biz bu dairəvi sistemi yaratmaqla bu gün enerji axınını ölkə üzrə lazımi səviyyədə bölə bilərik.

Su təchizatı olmadan heç kim oraya köçməz, orada yaşamaz. Bu məsələ də öz həllini tapır və su anbarları - bir neçə su anbarını yenidən qurmuşuq, sıfırdan qurulan, məsələn, Zabuxçay su anbarı, əsaslı təmir olunan Sərsəng, Suqovuşan, Köndələnçayda üç, Xaçınçay. Bütün bunlar həm böyük vəsait, həm də işçi qüvvəsi tələb edir və onu da deməliyəm, bu işlər, əlbəttə ki, vəsait hesabına görülür. Əgər vəsait olsa, amma işçi qüvvəsi, yaxud da ki, hazırlıqlı kadrlar olmasa, biz bu işi görə bilməzdik”, - deyə Prezident bildirib.

Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. "Dəmir Yumruğu"n yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edib və həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər