PDF Oxu

Siyasət

  • 1 402

Güc, reallıq və milli maraqlar - MƏQALƏ

image

Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sisteminin mahiyyətini, Azərbaycanın bu sistemdə tutduğu mövqeni və qarşıdakı strateji hədəfləri açıq, realist və prinsipial şəkildə ortaya qoydu. Dövlət başçısının fikirləri bir daha göstərdi ki, Azərbaycan artıq hadisələrin obyektinə deyil, subyektinə çevrilmiş dövlətdir.

Müsahibənin əsas xəttini reallığa söykənən siyasi yanaşma təşkil edirdi. Prezidentin “bugünkü dünyada güclü olan haqlıdır” fikri təsadüfi ifadə deyil, son onilliklərdə beynəlxalq hüququn selektiv tətbiqi fonunda formalaşmış obyektiv gerçəkliyin təsviridir. Azərbaycan bu reallığı 44 günlük Vətən müharibəsi dövründə də, ondan sonrakı proseslərdə də aydın şəkildə görmüş və öz milli maraqlarını yalnız bəyanatlarla deyil, konkret addımlarla təmin etmişdir.

Prezident İlham Əliyev müsahibədə ordu quruculuğuna xüsusi önəm verərək vurğuladı ki, qələbədən sonra arxayınlaşmaq olmaz. Bu yanaşma dövlətin təhlükəsizlik siyasətinin əsas fəlsəfəsini əks etdirir. Güclü ordu – güclü dövlət deməkdir. Azərbaycanın müdafiə sənayesinin inkişafı, hərbi məhsulların istehsalı və ixracı ölkənin artıq təkcə regional deyil, müəyyən mənada beynəlxalq hərbi-texniki tərəfdaşa çevrildiyini göstərir.

Müsahibədə diqqət çəkən mühüm məqamlardan biri də Ermənistan-Azərbaycan münaqişəsinin siyasi baxımdan başa çatması ilə bağlı fikirlər oldu. Prezidentin bu mövqeyi onu göstərir ki, Azərbaycan artıq keçmiş münaqişə ritorikasından deyil, gələcəyin quruculuğu və sülh gündəliyindən çıxış edir. Lakin bu sülh güzəşt hesabına deyil, ədalət və suverenlik prinsipləri əsasında mümkün ola bilər.

Dövlət başçısının texnologiya və süni intellektlə bağlı baxışları Azərbaycanın gələcək inkişaf modelinin konturlarını cızır. Enerji resursları ilə tanınan Azərbaycan indi biliyə, rəqəmsal transformasiyaya və innovasiyalara əsaslanan iqtisadiyyat qurmaq niyyətindədir. Bu isə ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.

Prezident İlham Əliyevin müsahibəsi bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasəti emosiyalar üzərində deyil, milli maraqlar, güc balansı və praqmatik hesablamalar üzərində qurulub. Beynəlxalq hüququn yalnız kağız üzərində qaldığı hallarda, güclü dövlət olmağın alternativi yoxdur. Azərbaycan bu həqiqəti dərk edərək öz yolunu müəyyənləşdirib və bu yolda ardıcıl addımlarla irəliləyir.

Nəticə etibarilə, 05.01.2026 tarixli müsahibə təkcə ötən ilin yekunlarına baxış deyil, həm də Azərbaycanın gələcək siyasi, hərbi və iqtisadi kursunun aydın manifesti kimi qiymətləndirilə bilər. Bu müsahibə xalqla hakimiyyət arasında strateji baxış birliyinin, dövlətin isə özünə inamının göstəricisidir.

İlham Quliyev

YAP Yasamal rayon, “Neftqazelmitədqiqatlayihə” institutu üzrə ərazi partiya təşkilatının sədr müavini.

Digər xəbərlər