"Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünən yerli televiziya kanallarına verdiyi müsahibəsində bu məsələyə bir daha toxunması göstərir ki, 8 avqustda Vaşinqtonda əldə olunmuş nəticələr sülhün de-fakto reallaşdığını təsdiqləyir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.O bildirib ki, ardınca hər iki ölkə tərəfindən atılan mühüm addımlar Azərbaycanla Ermənistan arasında sülh quruculuğu və qarşılıqlı etimadın formalaşması baxımından olduqca önəmlidir: "Burada söhbət hər iki ölkənin vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri arasında qarşılıqlı səfərlərdən, Azərbaycan neftinin Ermənistana satışından, həmçinin Qazaxıstan və Rusiya buğdalarının tranzit olaraq Azərbaycan ərazisindən Ermənistana çatdırılmasından gedir. Eyni zamanda, baş nazirlərin müavinləri səviyyəsində fəaliyyət göstərən sərhəd delimitasiya komissiyalarının artıq hər iki ölkənin ərazisində görüşlər keçirməsi-ilk görüşün Azərbaycanın Qəbələ şəhərində baş tutması və növbəti görüşün Ermənistanın digər şəhərində keçirilməsinin razılaşdırılması-prosesin real şəkildə irəlilədiyini göstərir.Bununla belə, sülh prosesinin tam başa çatması üçün çox güman ki, bu ilin yayında Ermənistanda keçiriləcək parlament seçkiləri və ondan sonra formalaşacaq siyasi vəziyyət həlledici olacaq. Hazırkı mərhələdə seçkilərin gərgin keçəcəyi ehtimalı olsa da, Nikol Paşinyanın qalib gəlmək şansı daha yüksək qiymətləndirilir. Əgər bu baş verərsə, ilin ikinci yarısında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının şahidi ola bilərik.Əks təqdirdə, yəni Ermənistanda siyasi gərginlik artarsa və ya seçkilərin nəticəsi Nikol Paşinyanın hakimiyyətdə qalmasına imkan verməzsə, bu halda sənədin imzalanması təxirə düşə, hətta regionda yenidən münaqişə ocaqları yarana bilər. Bu isə Cənubi Qafqazda sabitlikdən maraqlı olmayan qüvvələrin aktivləşməsinə səbəb ola bilər.Buna baxmayaraq, ümid var ki, ilin ikinci yarısında artıq de-fakto mövcud olan sülh rəsmi şəkildə təsbit olunacaq. Hər halda ehtimallar açıq qalır, çünki Ermənistan bu gün həm Rusiya, həm də Qərb arasında bir siyasi poliqona çevrilmiş vəziyyətdədir və hər iki tərəf bu yay keçiriləcək seçkilərə öz maraqları çərçivəsində hazırlaşır".
Müəllif: Günel Fərzəliyeva