"Son beş il ərzində Azərbaycan Respublikasında həyata keçirilən ordu quruculuğu islahatları, korrupsiyaya qarşı sistemli mübarizə tədbirləri və peşəkar hərbi kadrların irəli çəkilməsi ölkənin hərbi potensialının əhəmiyyətli dərəcədə gücləndirilməsinə səbəb olub". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.Onun sözlərinə görə, bu proseslər çərçivəsində silahlı qüvvələrin idarəetmə mexanizmləri təkmilləşdirilmiş, institusional dayanıqlıq artırılmış və xidmətin peşəkar əsaslar üzərində təşkili təmin edilib:"Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir silah və texnologiyalarla təchiz olunması, eləcə də beynəlxalq hərbi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi aparılan islahatların əsas istiqamətlərindən biri olub. Xüsusilə qabaqcıl texnologiyaların tətbiqi, müasir döyüş sistemlərinin mənimsənilməsi və hərbi təlimlərin intensivləşdirilməsi Silahlı Qüvvələrin operativ və taktiki imkanlarını əhəmiyyətli dərəcədə artırıb.2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı bu islahatların real və praktik nəticələri açıq şəkildə müşahidə edilib. Döyüş qabiliyyəti, əməliyyatların koordinasiyası və strateji planlaşdırma baxımından Azərbaycan Ordusu üstün mövqe nümayiş etdirib, müasir müharibə konsepsiyalarına uyğun fəaliyyət göstərdiyini sübut edib. Bu uğur təsadüfi xarakter daşımamış, uzunmüddətli, planlı və məqsədyönlü hərbi-institusional islahatların məntiqi nəticəsi olub.Dövlət başçısının ordu quruculuğu məsələlərinə xüsusi diqqət ayırması, eyni zamanda milli təhlükəsizlik baxımından həssas hesab edilən məlumatların açıqlanmamasına dair mövqeyi təhlükəsizlik siyasətinin əsas prinsiplərinə uyğun hesab edilə bilər. Ümumilikdə aparılan islahatlar Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün təmin olunmasında mühüm rol oynayan strateji dayaqlardan birinə çevrilib".
Müəllif: Günay Hacıyeva