Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli media nümayəndələrinə verdiyi genişmiqyaslı müsahibə ölkəmizin suverenliyinin tam bərpasından sonra keçdiyi yeni tarixi dövrün dərin siyasi və iqtisadi təhlilini təqdim etdi. Dövlət başçısının qətiyyətli bəyanatları Azərbaycanın daxili sabitliyinin, xarici siyasətinin və quruculuq əzminin sarsılmazlığını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Cənab prezidentin qətiyyətli və uzaqgörən bəyanatları göstərir ki, Azərbaycan artıq yalnız regional reallıqları müəyyən edən subyekt deyil, həm də qlobal miqyasda strateji əhəmiyyətə malik güc mərkəzidir. Dövlət başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinə çatdırdı. Sözsüz ki, ölkə başçısı müsahibəsində həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar verdi. Prezidentin çıxışı xüsusilə regionda baş verən dəyişikliklər, sosial-iqtisadi inkişaf və dövlətin strateji layihələri, həm daxili, həm də xarici siyasətdə qarşıda duran prioritetlər ilə bağlı verdiyi açıqlamalarla yadda qaldı. Üç saat davam edən müsahibə hər şeydən öncə cənab Prezidentin media sahəsinə verdiyi önəmin, mətbuatla sıx münasibətlərinin göstəricisidir.Prezidentin müsahibəsində daxili siyasət məsələlərinə xüsusi yer ayrılması dövlət idarəçiliyində sosial rifah amilinin prioritetliyini bir daha ön plana çıxarmışdır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların balanslı tərəqqisi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas sütunları kimi təqdim olunmuşdur. Bu yanaşma Azərbaycanın uzunmüddətli dayanıqlı inkişaf modelinə sadiqliyini ifadə edir.
Müsahibə zamanı dövlət başçısı regionların idarə edilməsində tətbiq olunan yeni idarəetmə modeli — Xüsusi Nümayəndəlik İnstitutu barədə danışarkən, kadr seçimində peşəkarlıq və dövlətə sədaqət prinsiplərinin alternativsiz olduğunu xüsusi vurğulamışdır. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yaradılmış xüsusi nümayəndəlik institutu ilə bağlı səmimi və qətiyyətli mövqeyini ifadə edərək bildirmişdir ki, dövlətin etimadını doğrultmayan heç bir vəzifəli şəxs cəzasız qalmır. Eyni zamanda, dövlət başçısının institusional islahatlara verdiyi əhəmiyyət hüquqi dövlət quruculuğunun və idarəetmədə şəffaflığın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasətin davamı kimi qiymətləndirilə bilər. Bu kontekstdə insan kapitalının inkişafı, təhsil və hərb sahələrində aparılan tədbirlər strateji investisiya kimi təqdim olunur.
Dövlət başçısı tərəfindən yüksək vəzifəyə təyin olunmaq böyük etimaddır, lakin bu etimad həm də şəxsi məsuliyyət tələb edir. Prezidentin qeyd etdiyi kimi, vəzifəsindən kənarlaşdırılma faktı göstərir ki, kadrın fəaliyyəti xalqın və dövlətin maraqlarına deyil, şəxsi ambisiyalara xidmət etdikdə bu, dərhal rəsmi reaksiya ilə qarşılanır. Bu açıqlama dövlət idarəçiliyində “toxunulmaz kadr” anlayışının olmadığını bir daha təsdiq edir. Hər bir məmur, statusundan asılı olmayaraq, fəaliyyətinin səmərəliliyinə görə birbaşa dövlət başçısı və cəmiyyət qarşısında cavabdehdir.
Prezident İlham Əliyev müsahibəsində işğaldan azad edilmiş torpaqların bərpasında yeni keyfiyyət mərhələsinin — horizontal inteqrasiyanın başladığını bəyan etmişdir. Dövlət başçısının “İşğaldan azad edilən bölgələri bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir” fikri, Qarabağ və Şərqi Zəngəzurun təkcə mərkəzlə deyil, həm də daxili şəbəkələr vasitəsilə bir-birinə sıx bağlanmasını nəzərdə tutur. Bu strateji vəzifənin icrası Şuşa, Ağdam, Füzuli, Laçın, Kəlbəcər və Zəngilanı birləşdirən müasir yol-nəqliyyat infrastrukturu bölgənin iqtisadi qan damarlarını formalaşdırır. Bu, region daxilində logistik xərclərin azaldılmasına və hərəkət intensivliyinin artmasına imkan verir, bölgələrin bir-biri ilə inteqrasiyasının kənd təsərrüfatı, turizm və sənaye sahələrində vahid dəyər zəncirinin yaradılmasını təmin edir, bununla da əhalinin məskunlaşdığı məntəqələr arasında kəsintisiz əlaqənin olması sosial xidmətlərin əlçatanlığını artırır və azad edilmiş ərazilərdə həyat keyfiyyətini ölkə üzrə orta göstəricilərdən yuxarıya qaldırır.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-ABŞ münasibətlərindəki yeni dinamikanı və son dövrlərdə müşahidə olunan müsbət meyilləri də geniş şəkildə təhlil etdi. Dövlət başçısı münasibətlərin artıq daha konstruktiv və qarşılıqlı hörmətə əsaslanan müstəviyə keçdiyini vurğulayaraq ABŞ-la münasibətlərdə müəyyən bir gərginlik dövrünün geridə qaldığını, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsindən sonra yaranan yeni reallıqların Vaşinqton tərəfindən daha dərindən dərk edilməyə başlanmasını, artıq hər iki tərəfin əməkdaşlığın gələcəyinə fokuslandığını, eyni zamanda münasibətlərin yaxşılaşmasında ənənəvi əməkdaşlıq sahələrinin rolunun yenidən ön plana çıxdığını vurğuladı.
Yekun olaraq qeyd etmək olar ki, Prezident İlham Əliyevin bu müsahibəsi sadəcə bir illik fəaliyyətin hesabatı deyil, həm də qüdrətli Azərbaycanın gələcək onilliklərini əhatə edən milli inkişaf doktrinasıdır. Dövlət başçısının qətiyyətli bəyanatları və elan etdiyi strateji prioritetlər bir daha təsdiq edir ki, Azərbaycan xalqı öz liderinin rəhbərliyi ilə daha böyük zəfərlərə, sarsılmaz sabitliyə və yüksək rifaha doğru inamla addımlayır. Bu çıxış həm dostlar, həm də rəqiblər üçün aydın bir mesajdır: Azərbaycan öz milli maraqlarını qorumağa və regionun taleyini müəyyən etməyə qadir olan, sarsılmaz iradəyə malik güclü dövlətdir.
Anar Məmmədov
Milli Məclisin deputatı