Azərbaycan Respublikasının Prezdenti Cənab İlham Əliyevin hər ilin əvvəli televiziya kanallarına geniş müsahibə verərək ötən ilin yekunlarını dəyərləndirməsi, bir növ hesabat verməsi və qarşıdakı hədəfləri müəyyənləşdirərək onu cəmiyyətə çatdırması artıq ənənə halını alıb. Dövlət başçısının ötən gün yerli televiziya kanallarına verdiyi müsahibə də bu ənənənin davamı idi.
Yeri gəlmişkən, qeyd edək ki, dövlətimizin başçısı postmünaqişə dövründə ölkəmizin sülh təşəbbüslərinə xüsusi önəm verdiyini və Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyət daşıdığını vurğuladı. Prezident bildirdi ki, Azərbaycan ərazisində bu dəhlizlə bağlı artıq heç bir problem qalmayıb və bütün işlər planlı şəkildə həyata keçirilir, nəqliyyat əlaqələrinin bərpası regional əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Ölkəmizin başçısı eyni zamanda Qars-Naxçıvan dəmir yolu layihəsini vacib addım kimi dəyərləndirərək bu xəttin Türkiyənin dəmir yolu şəbəkəsinə birbaşa bağlantı yaratdığını qeyd etdi. Müsahibədə Prezident Azərbaycanın təşəbbüsü ilə Ağbənd qəsəbəsində Araz çayı üzərindən körpünün inşa edildiyini diqqətə çatdırdı. Bu körpü Azərbaycanla Naxçıvan arasında İran üzərindən daha qısa və rahat nəqliyyat əlaqəsi yaradır. Beləliklə, ölkənin əsas hissəsi ilə Naxçıvan arasında alternativ bağlantılar formalaşır. Şübhəsiz ki, həyata keçirilən bu layihələr Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı vahid inkişaf məkanına çevirir, paralel olaraq aparılan quruculuq işləri, yaşıl enerji, kənd təsərrüfatı, suvarma və turizm sahələrində görülən tədbirlər bölgənin uzunmüddətli inkişafını təmin edir. Həmçinin müsahibədə ölkəmizin iqtisadi və sosial məsələləri ilə yanaşı milli dəyərlərimiz də müzakirə mövzusu oldu.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dili xalqımızın milli sərvəti və kimliyimizin təməlidir. Prezident İlham Əliyev müsahibəsində dilimizin qorunması və inkişafının hər bir vətəndaşın vəzifəsi olduğunu vurğulamaqla qeyd etdi ki, bu məsuliyyət peşəmizdən, yaşımızdan və sosial statusumuzdan asılı olmayaraq hər kəsə aiddir. Dilimizi qorumaq, onu düzgün istifadə etmək və zənginləşdirmək hər birimizin milli borcudur. Dilimiz yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda milli qürur, yaradıcılıq və tariximizdir. Tarixi baxımdan Azərbaycan dili çətin sınaqlardan keçib. İmperiya dövründə böyük təzyiqlərə baxmayaraq ana dilimiz Ulu öndər Heydər Əliyev sayəsində qorunaraq gələcək nəsillərə əmanət olundu. Bu müqəddəs ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dili ölkəmizdə yaşayan 10 milyondan çox insanı birləşdirir və dünyada 50 milyondan çox azərbaycanlı üçün ortaq dildir. Dilimiz heç bir başqa dilin kölgəsində qalmır, onun zənginliyi və ifadə imkanları ilə fəxr edirik. Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, xarici sözlərin həddindən artıq istifadəsi dilimizi zənginləşdirmir, əksinə milli kimliyimizi sarsıda bilər. Bugünkü dünyada internet və qlobal təmaslar sayəsində xarici sözlər qaçılmazdır, amma əsas məsələ Azərbaycan dilini qorumaqdır. Bu, yalnız dövlətin deyil, hər bir vətəndaşın və ziyalının üzərinə düşən vəzifədir. Xaricdə yaşayan azərbaycanlılar üçün də dilimizin qorunması prioritetdir. Onlayn Azərbaycan dili məktəbləri bu boşluğu doldurur və gənc nəsillərin ana dilini mükəmməl öyrənməsinə imkan yaradır. Dilimiz qorunduqca milli kimliyimiz də möhkəmlənir, dövlətçiliyimiz güclənir və gələcək nəsillər öz köklərinə bağlı qalır. Azərbaycan xalqının milli ruhu və birliyi də buna bağlı olaraq davam edir. Prezident İlham Əliyev qəti şəkildə bəyan etdi ki, Azərbaycan dilini qorumaq həm tariximizə hörmət, həm də gələcəyimizə qoyulan sərmayə deməkdir və hər birimiz bu mübarizənin bir hissəsiyik.
Ən əsası, Azərbaycan Respublikasının Prezdenti Cənab İlham Əliyev müsahibəsində ölkəmizin mövqeyini bir daha ortaya qoydu və sübut etdi ki, ölkəmiz etibarlı şəkildə qorunur, dövlət siyasətinin mərkəzində isə ölkəmizin milli maraqları və inkişafı dayanır.
Habil İsmayılov,
YAP Göygöl rayon təşkilatı üzrə Haçaqaya kənd ərazi partiya təşkilatının sədri