Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibə, ölkənin daxili və xarici siyasət prioritetlərinin, regional və qlobal proseslərdə artan rolunun, eləcə də müasir çağırışlara verilən strateji cavabların sistemli təqdimatı baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Dövlət başçısının bu formatda çıxışları artıq illərdir ki, ictimai-siyasi həyatımızın mühüm ənənəsinə çevrilib və cəmiyyətlə hakimiyyət arasında açıq dialoqun nümunəsi kimi çıxış edir.
Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, yerli televiziya kanalları ilə hər ilin əvvəlində keçirilən görüşlər artıq ənənəvi xarakter daşıyır. Bu görüşlər vasitəsilə Azərbaycan ictimaiyyətinə ötən ilin yekunları, əldə olunan nailiyyətlər, mövcud problemlər və qarşıdakı hədəflər barədə birbaşa və şəffaf məlumat verilir. Bu yanaşma müasir dövlət idarəçiliyində hesabatlılıq, açıq idarəçilik və siyasi məsuliyyət prinsipinin bariz nümunəsidir.
Dövlət başçısı müsahibəsində xüsusi olaraq qeyd etdi ki, Azərbaycan–Amerika münasibətləri kontekstində 2025-ci il tarixi il kimi qiymətləndirilə bilər. İki ölkə arasında strateji işçi qrupunun yaradılması ilə bağlı sənədin imzalanması münasibətlərin institusional əsasda yeni mərhələyə keçdiyini göstərir. Bu mexanizm siyasi dialoqla yanaşı, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq kimi sahələrdə konkret nəticələrə hesablanmış praktiki əməkdaşlığı təmin edir.
Xüsusilə diqqətçəkən məqamlardan biri də Zəngəzur dəhlizinin açılması məsələsinin artıq Amerika Prezidenti səviyyəsində təsdiqlənməsidir. Bu, Azərbaycanın təşəbbüslərinin qlobal güc mərkəzləri tərəfindən qəbul edildiyini və regional kommunikasiyaların açılmasının beynəlxalq gündəmin mühüm tərkib hissəsinə çevrildiyini göstərir.
Cənab Prezident İlham Əliyev müsahibəsində ABŞ Konqresinin vaxtilə qəbul etdiyi 907-ci düzəlişi Azərbaycan xalqına qarşı böyük ədalətsizlik kimi qiymətləndirdi. Uzun illər ərzində bu düzəlişin ləğvi istiqamətində aparılan ardıcıl diplomatik səylər Azərbaycanın prinsipial və milli maraqlara söykənən xarici siyasətinin göstəricisidir. Xüsusilə Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra bu məsələdə mövqelərin dəyişməsi bir daha sübut etdi ki, beynəlxalq münasibətlərdə ədalət və reallıq gec-tez öz yerini tapır.
Müsahibədə AXC-Müsavat hakimiyyəti dövrünə toxunan cənab Prezident İlham Əliyev həmin mərhələdə ölkənin peşəkar idarəçilikdən uzaq, təsadüfi şəxslər tərəfindən idarə olunduğunu və bunun Azərbaycanı məhvə doğru apardığını açıq şəkildə ifadə etdi. Bu müqayisə müasir Azərbaycan dövlətçiliyinin nə qədər möhkəm əsaslar üzərində qurulduğunu, siyasi sabitliyin və peşəkar kadr siyasətinin nə dərəcədə vacib olduğunu bir daha nümayiş etdirir.
Azərbaycanın xarici siyasətində əldə olunan mühüm nailiyyətlər sırasında Çinlə strateji tərəfdaşlıq xüsusi yer tutur. İki ölkə arasında əmtəə dövriyyəsinin 4 milyard dolları keçməsi iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini göstərir. Eyni zamanda Çin şirkətlərinin Azərbaycanda bərpaolunan enerji mənbələrinə investisiyalar qoyması ölkəmizin “yaşıl enerji” strategiyasının beynəlxalq səviyyədə dəstəkləndiyini təsdiqləyir.
Digər mühüm addımlardan biri Azərbaycanın D-8 təşkilatına üzv olmasıdır. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu addım ölkəmizin islam dünyasında və inkişaf etməkdə olan iqtisadiyyatlar arasında mövqeyini daha da gücləndirir. Bununla yanaşı, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlük Azərbaycanın türk dünyası və Avrasiya məkanında artan siyasi çəkisinin göstəricisidir.
Bu gün bağlantılar, nəqliyyat və logistika məsələləri aparıcı beynəlxalq aktorlar üçün həlledici əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Mərkəzi Asiyanı Qərblə coğrafi baxımdan birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Bu fakt ölkəmizin Orta Dəhlizdə, enerji və yük daşımalarında strateji tranzit mərkəzinə çevrildiyini təsdiqləyir.
İşğaldan azad edilmiş rayonlarımızın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın postmünaqişə dövründə apardığı uğurlu siyasətin nəticəsidir. Bu ərazilər artıq dağıntıların deyil, quruculuğun, inkişafın və beynəlxalq əməkdaşlığın simvoluna çevrilir.
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Sammitində türk dövlətləri arasında hərbi əməkdaşlıq elementinin təklif edilməsi Azərbaycanın regional təhlükəsizlik və kollektiv güc anlayışına verdiyi strateji önəmi göstərir. Bu yanaşma türk dünyasının yalnız mədəni deyil, həm də siyasi və təhlükəsizlik baxımından inteqrasiyasına xidmət edir.
Cənab Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, Azərbaycanın böyüklüyü, müdrikliyi və məsuliyyəti artıq beynəlxalq müstəvidə açıq şəkildə görünür. Ölkəmiz öz gücünü, o cümlədən hərbi gücünü artırmaqla milli təhlükəsizliyini etibarlı şəkildə təmin edir və bu güc heç bir təhdid məqsədi daşımır, yalnız sülhün və sabitliyin qorunmasına xidmət edir.
Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan bu gün müstəqil, güclü və söz sahibi olan dövlətdir. Ardıcıl və prinsipial siyasət, milli maraqlara söykənən qərarlar, çoxvektorlu diplomatiya və güclü iqtisadi-hərbi potensial ölkəmizi regionun və daha geniş coğrafiyanın aparıcı aktorlarından birinə çevirib. Bu müsahibə həm ötən yolun siyasi hesabatı, həm də gələcək strateji hədəflərin aydın yol xəritəsi kimi dəyərləndirilməlidir.
Nicat İsmayılov
YAP Yasamal rayon təşkilatının fəalı