PDF Oxu

Siyasət

  • 2 467

Azərbaycan bütün reallıqları vaxtında və düzgün qiymətləndirir

image

Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirilən fikirlər Azərbaycanın son illərdə nümayiş etdirdiyi siyasi yetkinliyin, məsuliyyətli dövlət davranışının və humanist yanaşmanın məntiqi davamı kimi diqqət çəkir. Müharibədən sonra yaranmış reallıqlar fonunda ölkənin intiqam və dağıdıcılıq yolu deyil, ədalət və uzun müddətli sülh strategiyasını seçməsi böyük müdrikliyin göstəricisidir. Tarixi ədalətsizliklərə, işğal illərində törədilmiş ağır cinayətlərə baxmayaraq, qarşı tərəfə kollektiv cəza tətbiq edilməməsi Azərbaycanın mənəvi üstünlüyünü təmin edən əsas amillərdən biridir. Güc imkanlarının mövcud olduğu halda ondan istifadənin məhdudlaşdırılması beynəlxalq hüquqa, humanitar dəyərlərə və gələcək nəsillərin təhlükəsizliyinə hesablanmış siyasi seçimdir. Bu yanaşma bir daha sübut edir ki, dövlətin gücü təkcə hərbi imkanlarla deyil, həm də məsuliyyət hissi və strateji səbrlə ölçülür. Məhz bu mövqe regionda qarşıdurmanın dərinləşməsinin qarşısını aldı və müharibədən sonrakı mərhələdə sabitlik üçün real zəmin formalaşdırdı.

Bununla yanaşı, dövlət başçısının müsahibəsində təhlükəsizlik məsələlərinə dair yer alan açıqlamalar müasir beynəlxalq münasibətlər sistemində praqmatik yanaşmanın zəruriliyini ortaya qoyur. Qlobal qeyri-sabitlik fonunda hər bir dövlətin öz müdafiə qabiliyyətini gücləndirməsi obyektiv reallıqdır və Azərbaycan bu reallığı vaxtında və düzgün qiymətləndirir. Türkiyə ilə rəsmi müttəfiqlik çərçivəsində qurulan hərbi əməkdaşlıq regionda sabitliyin əsas dayaqlarından biri kimi çıxış edir. Eyni zamanda, türk dövlətləri arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi təşəbbüsü qarşılıqlı etimadın və ortaq təhlükəsizlik anlayışının gücləndirilməsinə xidmət edir. Burada məqsəd yeni hərbi blok yaratmaq deyil, mövcud sahələrdə olduğu kimi, təhlükəsizlik müstəvisində də koordinasiyanı artırmaqdır. Energetika, nəqliyyat və ticarət sahələrində formalaşmış uğurlu əməkdaşlıq modeli göstərir ki, bu cür yanaşma həm rasionaldır, həm də regional maraqlara uyğundur. Təhlükəsizlik sahəsində əməkdaşlıq da məhz bu məntiqə əsaslanaraq ümumi dayanıqlığı möhkəmləndirə bilər.

Müsahibənin ən mühüm məqamlarından biri isə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanması ilə bağlı vurğulanan prinsipial mövqedir. Bu yanaşma uzun illərdir həyata keçirilən sosial-iqtisadi islahatların ideoloji əsasını təşkil edir. Sosialyönümlü və investisiyayönümlü siyasət arasında qorunan həssas balans ölkənin davamlı inkişafını təmin edən başlıca amildir. Populizmdən uzaq durmaq, reallığa əsaslanan vədlər vermək və cəmiyyətə açıq məlumat təqdim etmək dövlət-vətəndaş münasibətlərində etimadı gücləndirir. Son 20 ilin statistic göstəriciləri, xüsusilə minimum əməkhaqqının dəfələrlə artması bu siyasətin konkret nəticələr verdiyini təsdiqləyir. Bu faktlar göstərir ki, həyata keçirilən siyasət şüar xarakteri daşımır, real həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər Azərbaycan dövlətinin güc, məsuliyyət və social ədalət prinsiplərini uzlaşdıran idarəçilik modelinə malik olduğunu bir daha nümayiş etdirir.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Digər xəbərlər