"Maduronun saxlanılması və ABŞ administrasiyasının Qrenlandiya, Meksika, Kolumbiya, Kuba və İranla bağlı verdiyi təhdid xarakterli açıqlamalar, regiondakı geosiyasi balansın ABŞ üçün hələ də əsas prioritet olduğunu göstərir. Bu hadisələr ABŞ-ın yalnız Venesuelaya yönəlmiş siyasətinin olmadığını, eyni zamanda regional nüfuz və enerji maraqlarının qorunmasının onun strategiyasının mərkəzində durduğunu ortaya qoyur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə, ABŞ-ın Venesueladan sonra regional prioritetlərini təhlil etmək üçün əvvəlcə enerji və iqtisadi faktorları nəzərdən keçirmək vacibdir:"Venesuela dünya miqyasında böyük neft ehtiyatlarına malikdir və ABŞ üçün enerji təhlükəsizliyinin təminatında strateji əhəmiyyət daşıyır. Bu baxımdan ABŞ-ın diqqəti, enerji resurslarına malik və geosiyasi mövqeyi önəmli olan digər Latın Amerikası ölkələrinə yönələ bilər. Meksika və Kolumbiya bu baxımdan xüsusi rol oynayır. Meksika ABŞ üçün həm iqtisadi baxımdan, həm də təhlükəsizlik kontekstində kritik əhəmiyyətə malikdir. Kolumbiya isə narkotiklərlə mübarizə, sərhəd təhlükəsizliyi və ABŞ-ın regiondakı sabitliyinin qorunması üçün strateji tərəfdaşdır. İkincisi, ABŞ-ın regional siyasətində ideoloji və siyasi amillər də mühüm rol oynayır. Kuba və İran kimi ölkələrə yönələn açıqlamalar ABŞ-ın yalnız coğrafi maraqlara deyil, həm də ideoloji rəqiblərin təsir dairəsinin məhdudlaşdırılmasına çalışdığını göstərir. Kuba, uzun illər ABŞ üçün ideoloji və diplomatik rəqib olaraq qiymətləndirilmişdir və Latın Amerikasında ABŞ-ın təsirini zəiflədə biləcək potensiala malikdir. ABŞ-ın təhdid xarakterli mesajları həm də digər regional oyunçulara mesaj verir ki, strateji maraqlara müdaxilə hər hansı formada qəbul edilməyəcək və hərəkətə cavab veriləcək.Deterrensiya mexanizmi ABŞ-ın regiondakı siyasətinin əsas komponentlərindən biridir. Təhdidlər, hərbi və diplomatik siqnallar və iqtisadi sanksiyalar ABŞ-ın regional nüfuzunu qorumaq üçün istifadə etdiyi əsas vasitələrdir. Bu vasitələr, ABŞ-ın həm nüfuzunu gücləndirməyə, həm də rəqiblərin regiondakı təsirini məhdudlaşdırmağa xidmət edir. Bununla yanaşı, ABŞ-ın hərəkətləri digər Latın Amerikası ölkələrində həm əməkdaşlığı stimullaşdıra, həm də müəyyən müqavimət reaksiyaları doğura bilər. Buna görə ABŞ üçün balanslı bir strategiya tətbiq etmək vacibdir: maraqlar qorunmalı, regiondakı sabitlik isə minimal risklərlə təmin edilməlidir. Bütün bunları nəzərə aldıqda, ABŞ-ın Venesueladan sonra ən çox təhdid altında olan ölkələr sırasında Kolumbiya və Kubanın xüsusi yer tutduğunu deyə bilərik. Kolumbiya coğrafi və strateji baxımdan kritik əhəmiyyət daşıyır, Kuba isə ideoloji və siyasi təsir baxımından ABŞ üçün əsas rəqib rolundadır. Amma, ilk hədəfin dəyişməsi və İrana yönəlməsi də mümkündür".
Müəllif: Arzu Qurbanlı